Biz hamımız bilirik ki, bankların kredit verməkdə əsas məqsədləri faizlərdən gəlir qazanmaqdır, axı onlar xeyriyyəçi deyil, məhz kommersiya təşkilatlarıdır. Təbii ki, istənilən əməliyyatla bağlı öz-gəlir çıxarlarını düşünmək onların haqqıdır. Mətləbdən çox uzaqlaşmadan qeyd edək ki, banka zəng edib “Sizdən hansı faizlə kredit götürə bilərəm?” - deyə soruşanda və ya filiala yaxınlaşanda bizə 16-18% arasında rəqəm deyirlər və ya “Sizin 1000 AZN kreditə görə təxminən 160 AZN xərcinizin çıxacaq” deyirlər. Əgər 160 AZN 1000 manatın 16%-ni təşkil edirsə, müştəri də bu krediti həmin faizlə götürdüyünü düşünür. Əslində 16% kimi düşündüyümüz bu kredit annuitetlə 28% edir. Yəni əslində siz hər ay borc ödəyərkən yerdə qalan məbləğin 28%-i həcmində faiz ödəyirsiniz. Sizin müqavilədə öz əksini tapan rəqəm də 28% faiz olur. Amma bu yenə də sizin itkilərinizi tam əks etdirmir.
Xatırladaq ki, siz faizlərdən əlavə komisyon haqları da ödəməli olsursunuz. Bəzi banklarda kredit müraciəti edən kimi dərhal, ilkin araşdırmadan ötrü 5 AZN komisyon haqqı olur, sonra da məbləğin müəyyən faizi qədər komisyon haqqı tutulur. Belə fərz edək ki, bu dəfə ödəyəcəyiniz komisyon haqqı məbləğin 2%-i qədərdir. Məbləği nağd götürəcəyiniz üçün də əlavə 1% nağdlaşdırma haqqı tələb olunur. Cəm 3%.
Əgər bu itkiləri sizin 1000 AZN-dən çıxsaq, yerdə qalır 965 AZN. (1000 -5-30 AZN). Faktiki olaraq, siz 965 AZN-ə görə 1000 AZN-lik məbləğin illik 28% olmaqla kreditini ödəyirsiniz və sizin aylıq ödənişiniz 96, 51 AZN təşkil edir.
Faktiki illik faiz dərəcəsi isə sizin həmin 965 AZN-i hansı annuitet faizlə ödədiyinizi göstərir, yəni bu məbləğ hansı faizlə hesablananda sizin aylıq ödənişiniz 96, 51 AZN edərdi. Əgər kredit kalkulyatorlarında aylıq ödənişə görə faizi müəyyən etmək funksiyası olsa, bunu rəqəmi tapmaq daha asan olar. Düşünürəm ki, FİFD-in hazırda əksər bankların səhifələrində verilən düsturunu burada incələməyə gərək yoxdur, çünki sıravi müştərilər bu hesablaşmanı apara bilməyəcəklər.
Yəni faktiki olaraq, siz kreditinizi nə 16%, nə 28% lə deyil, 35,1 faizlə ödəmiş olursunuz. Bu hesablamada sizin faizlərdən əlavə digər itkiləriniz də nəzərə alınır.