Fermerin süni intellektə güvənməsi baha başa gəldi: 2,5 hektar məhsul zərər gördü | Banco.az

Fermerin süni intellektə güvənməsi baha başa gəldi: 2,5 hektar məhsul zərər gördü

Müəllif: Gülnar Əhmədli, Banco.az

Çinin Anhui əyalətinin Çuçjou şəhərində yaşayan 67 yaşlı fermer təxminən bir ildir əkinçilik fəaliyyətində süni intellekt alətlərindən istifadə edirdi. O, gübrələmə və əkin vaxtı ilə yanaşı, sahədəki zərərvericilərlə mübarizə barədə də süni intellektdən məsləhət alırdı.

Banco.az xəbər verir ki, bu dəfə isə aldığı məsləhət gözlənilməz nəticə doğurub.

Küncüt sahəsində alaq otlarından xilas olmaq istəyən fermer hansı preparatdan və necə istifadə etməli olduğunu süni intellektdən soruşub. Cavabı başqa mənbədən yoxlamadan tətbiq edən fermer bir müddət sonra küncüt cücərtilərinin quruduğunu görüb.

Təxminən 25 min kvadratmetrlik sahədə məhsulun zərər görməsindən sonra məsələ mütəxəssislərə bildirilib. Aqronomların qiymətləndirməsinə görə, zərər “flufenaset” adlı aktiv maddədən qaynaqlanmış ola bilər. Bu maddə müəyyən alaq otlarına qarşı istifadə edilsə də, yanlış məhsulda və ya uyğun olmayan şəraitdə tətbiq edildikdə küncüt kimi bitkilərə də zərər verə bilər.

Hadisədən sonra süni intellekt tətbiqinin cavab ekranında yer alan xəbərdarlıq da diqqət çəkib. Burada süni intellekt tərəfindən yaradılan məlumatların səhv ola biləcəyi və istifadəçilərin verilən məlumatları yoxlamalı olduğu qeyd olunub. Buna baxmayaraq, fermer məsləhəti müstəqil aqronoma və ya etibarlı kənd təsərrüfatı mütəxəssisinə müraciət etmədən tətbiq edib.

Hadisə göstərir ki, süni intellekt kənd təsərrüfatı kimi sahələrdə faydalı köməkçi vasitə ola bilər, lakin xüsusilə dərman, kimyəvi maddə, sağlamlıq və kənd təsərrüfatı ilə bağlı tövsiyələr mütləq mütəxəssis və etibarlı mənbələr vasitəsilə yoxlanılmalıdır.

Süni intellektin səhv və ya natamam məlumat yaratması yalnız kənd təsərrüfatı ilə məhdudlaşmır. Daha əvvəl sağlamlıqla bağlı yanlış başa düşülən süni intellekt tövsiyəsinin istifadəçidə zəhərlənmə və psixozla nəticələndiyi də bildirilmişdi.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram