ABŞ-ın Federal Ehtiyat Sisteminin (FES) Direktorlar Şurası əsas uçot dərəcəsini 0,5-0,75%-dək artırmaq barədə qərar qəbul edib.
Bəs FED-in uçot faiz dərəcəsini artırması qlobal, eyni zamanda Azərbaycan bazarına necə təsir edəcək?
Bu barədə yerli ekspertlərin fikirləri öyrənilib.
İqtisadi və Sosial İnkişaf Mərkəzinin İdarə Heyətinin sədri Vüqar Bayramov deyir ki, qərar qlobal bazarda dollara tələbatı artıracaq:
“Qlobal valyuta bazarı son bir ayda FED-in potensial qərarına hazır olmağa çalışdı desək yanılmarıq. Son həftələr ABŞ dollarının möhkəmlənməsi də həmçinin bu psixoloji təsirlər ilə əlaqədar idi. Təbii ki, bizim üçün ən önəmlisi manatın məzənnəsinə necə təsir göstərməsidir”.
Aydındır ki, uçot faiz dərəcəsi artırılacağı halda manata psixoloji təsir yüksələcək. Bu həmçinin daxili valyuta bazarında dollara tələbin daha da artması ilə müşahidə ediləcək.
Bu baxımdan, Mərkəzi Bankın bütün potensial ssenarilərə hazır olması vacibdir. Çünki bu halda söhbət valyuta bazarında dollar tələbinin təklifi yenidən kəskin üstələməsindən gedə bilər”, - deyə ekspert əlavə edib.
Mənbə: Oxu.az