Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev pensiya verilən zaman bankomatlar qarşısında yaranan problemdən çıxış yolunu açıqlayıb.
E.Mehdiyev Milli Məclisin Sosial siyasət komitəsinin iclasında çıxışı zamanı deyib ki, cari ildə Beynəlxalq Bank tərəfindən 300-ə yaxın yeni bankomat alınıb: “Hazırda biz bankla birlikdə dislokasiya yerləri üzrə həm yeni bankomatların qurulması, həm də köhnə bankomatların yeniləri ilə əvəzlənməsi işini aparırıq. Ümumiyyətlə, bu istiqamətdə mütəmadi monitorinqlər aparılır. Yeni dislokasiya yerləri müəyyən edilərək yeni bankomatların quraşdırılması üçün müvəkkil banklara müraciət edirik. Amma problemin kökü ondadır ki, pensiyaçıların bankomatdan istifadə məsələsinə yanaşması, xüsusilə pensiya məbləğlərinin maliyyələşmə günündə dərhal bankomatdan çıxarması çoxsaylı növbələrə səbəb olur”.
E.Mehdiyevin sözlərinə görə, bir bankomat bir ay ərzində 2-3 gün işləyir. Bankomatların bir aylıq yükünün 2-3 gün ərzində istifadəsi bu cür hallara gətirib çıxarır. Bu 2-3 gün ərzində də bankomatların inkassasiya olunması və növbələrin azaldılması bir problemə cevrilir.
Fond sədri bildirib ki, bu məsələnin həlli yolunu post-terminal şəbəkəsinin genişləndirilməsində və post-terminallardan istifadəni təşviq etməkdə görürlər. Bu məqsədlə DSMF bu il “Pensiya+” layihəsinə də start verib. Həmin layihə çərçivəsində bankomatdan deyil, post-terminallardan istifadə edən şəxslərə öz pensiyasının məbləği qədər faizsiz kredit almaq şansı verilir.
E.Mehdiyev qeyd edib ki, problemlərdən biri əhalinin plastik kartlardan istifadəyə düzgün yanaşmamasıdır. Əhali plastik kartları maliyyə vəsaitlərinin nağdlaşdırılması üçün istifadə edır. Amma plastik kartlar vasitəsilə müxtəlif ödənişlər həyata keçirmək, kommunal xidmətləri ödəmək olar: “Biz də pensiyaçılara verdiyimiz kartları dəyişib çoxfunksiyalı kartlarla əvəz edirik. Artıq pensiyaçılar həmin kartlar vasitəsilə müxtəlif ödənişlər həyata keçirə bilərlər”.
xezerxeber.com