Son dövrlər bir çox ticarət mərkəzində faizsiz kreditlə satış həyata keçirilir. Amma çox vaxt hissə-hissə ödənişlə alınan həmin mallar istehlakçılara baha başa gəlir. Səbəb gizli faizlərdir.
"Faizsiz kredit"... "Al, hissə-hissə ödə"...
Sürətlə yayılan bu elanlar müştərilərin diqqətini tez cəlb edir. Hər kəs məhsulu faizsiz kreditlə almaq üçün növbəyə dayanır. Ödəniş bitdikdə isə malın baha qiymətə başa gəldiyi məlum olur. Faizsiz kreditlərdəki gizli faiz ilk növbədə komisyon haqlarda özünü göstərir. Kredit faizlə hesablanmasa da, həmin məbləğ komisyon haqq adı altında malın dəyərinə əlavə edilir.
Digər bir üsul isə malın qiymətinin süni formada şişirdilməsidir. Yəni, faizsiz kreditlə satılsa belə, məhsul dəyərindən baha qiymətə təklif edilir. Bu cür halların qarşısını almaq üçün vətəndaşlar kredit müqaviləsini diqqətlə oxumalıdırlar. İqtisadçıların hesablamalarına görə, hətta bəzi hallarda faizlə satılan mallar faizsiz kreditlə təklif edilənlərdən ucuz başa gəlir.
xezerxeber.com