Tamara Mustafayeva, Banco.az
Məlum olduğu kimi, ötən həftə dünya gündəmində sosial media nəhəngi "Facebook" şirkətinin adının dəyişdirilərək "Meta" adlandırılması var idi. Odur ki, hazırda fəaliyyətini davam etdirən və dünya nəhəngləri arasında olan başqa şirkətlərin də daha əvvəl rebrendinq edərək adını dəyişdirdiyi yenidən gündəmə gəlib. Gəlin həmin şirkətlərin bəziləri ilə tanış olaq:
1. Google
"Google" şirkətinin həmtəsisçiləri Larri Peyc və Sergey Brin 1996-cı ildə təqdim etdikləri axtarış brauzerinə "BackRub" adını vermişdilər. Daha sonra isə çox böyük həcmli data indekslənməsinə uyğun ad axtarışına başlayaraq 15 sentyabr 1997-ci ildə "google.com"dan istifadə etməyə başladılar.
2. Pepsi-Cola
Tanınmış içki markası "Pepsi"nin hekayəsi Şimali Karolinalı Kaleb Bradham adlı əczaçının 1893-cü ildə "Brad`s Drink" adını verdiyi qazlı içki hazırlayıb satması ilə başlayıb. 1898-ci ildə bu ad "Pepsi-Cola" ilə əvəzlənib.
"Pepsi" markasının yaranma hekayəsi ilə bağlı ətraflı məlumat əldə etmək üçün link-ə daxil ola bilərsiniz: https://bit.ly/3nMPvRx
3. Apple
1976-cı ildə əsası qoyulan və bu gün dünyanın ən məşhur texnologiya markalarından olan "Apple" həmtəsisçiləri Stiv Cobs, Ronald Veyn və Stiv Voznayk tərəfindən ilkin olaraq "Apple Computers" kimi adlandırılmışdı.
2007-ci ildə isə Stiv Cobs şirkətin adındakı kompüter sözünü ixtisar edərək bundan sonra "Apple" adlandırılacağını elan etmişdi.
4. Sony
1946-cı ildə "Tokyo Tsushin Kogyo" markalı Yaponiyanın "Type-G" adlı ilk səsyazan aparatının istehsal edildiyi radio təmir emalatxanası təsis edildi. Bundan 12 il sonra, yəni 1958-ci ildə şirkət təsisçiləri "Tokyo Tsushin Kogyo" adını "Sony Corporation" ilə əvəz etdilər.
Bu ilin aprel ayında isə oyun, film və musiqi kimi digər sahələr üzrə də çeşidliliyi əks etdirmək və tamamilə istehlakçı elektronikası kimi imic formalaşdırmaq üçün markanın adı "Sony Group Corp." olaraq yenidən adlandırıldı.
5. Yahoo!
1994-cü ilin yanvar ayında Cerri Yang və David Filo birlikdə internet saytı yaradaraq ona "Cerri və Davidin İnternet Bələdçisi" adını verdilər. Bu adın inkişaf və yayılma potensialının zəif olduğunu düşünən həmtəsisçilər "Yahoo" adını seçərkən həmin adın əvvəlcədən istifadə edilməsinə görə sonuna "nida işarəsi" əlavə etməli oldular.
Həmçinin oxu: Yahoo!-nun ortağı Cerri Yanqın həyat hekayəsi
6. Nike
"Nike" firmasının öz adını Yunanistanın qələbə ilahəsindən götürdüyünü bilirsinizmi? Ehtimal ki, ilkin olaraq "Blue Ribbon Sports" adlandırıldığını da bilmirsiniz.
1964-cü ilin yanvar ayında "Blue Ribbon Sports" (BRS) adı ilə təsis edilən və ilkin olaraq Oreqon ştatının Eugene şəhərində yapon ayaqqabı istehsalçısı Onitsuka Tiger-in dilleri kimi fəaliyyətə başlayan "Nike" 1971-ci il 30 may tarixində hazırki adı ilə adlandırılmağa başlanmışdır.
Bizi sosial şəbəkələrdən izləyin!!