Tamara Mustafayeva, Banco.az
"Facebook" II rüb üzrə maliyyə göstəricilərini açıqlayıb.
Banco.az xarici mətbuata istinadla xəbər verir ki, dünyanın ən böyük sosial media şirkətlərindən olan "Facebook"un gəliri bu ilin II rübündə 29 milyard dollara çatıb.
Buna görə, şirkətin sözügedən dövrdə əldə etdiyi gəlir ötən ilin eyni dövrü ilə müqayisədə 56% artım göstərib ki, ötən il bu göstərici 18.7 milyard dollar idi. Şirkətin II rüb üzrə xalis mənfəəti isə 101% artmaqla 10.4 milyard dollara yüksəlib. "Facebook" ötən ilin aprel-iyun ayları ərzində 5.2 milyard dollar xalis mənfəət əldə etmişdi.
Şirkətin ötən ilin bu dövründə 1.80 dollar olan bir səhmi üzrə mənfəəti də hazırda 3.61 dollara çatıb.
Qeyd edək ki, populyar sosial media platformasının gündəlik və aylıq aktiv istifadəçi sayında da sözügedən dövrdə artım müşahidə edilib. Belə ki, gündəlik aktiv istifadəçi sayı iyun ayından etibarən illik əsasda 7% artmaqla 1,91 milyar olub. Aylıq aktiv istifadəçi sayı isə eyni dövrdə 7% artımla 2,9 milyard hesablanıb.
Bununla belə, şirkət gəlir artımının ilin ikinci yarısında yavaşlayacağını gözləyir.
Bizi sosial şəbəkələrdən izləyin!!