Facebook ağıllı saat bazarına daxil olmağa hazırlaşır | Banco.az

Facebook ağıllı saat bazarına daxil olmağa hazırlaşır

Tamara Mustafayeva, Banco.az

Instagram və WhatsApp platformalarını da satın alaraq sosial sferadakı bazar payını artıran dünya nəhəngi Facebook şirkətinin bu yaxınlarda Clubhouse tətbiqinə rəqib olmağa hazırlaşdığından bəhs etmişdik. Bununla yanaşı şirkət ötən illərdə Ray-Ban şirkəti ilə əməkdaşlığa başlayaraq ağıllı eynək sektoruna da daxil olmuşdu. İndi isə Facebook ağıllı saat istehsal etmək planı ilə texnologiya dünyasındakı əhatə dairəsini artırmağa çalışır.

Banco.az xarici mətbuata istinadla bildirir ki, Facebook şirkəti hazırda ağıllı saat istehsal etməyə başlayıb. Sözügedən cihazın Android əsaslı ağıllı saat olduğu bildirilir, ancaq saatın Google-a məxsus Wear OS əməliyyat sistemi ilə yoxsa digər bir sistemlə təchiz olunacağı isə hələ ki, bəlli deyil.

Xəbərdə qeyd edilənə görə, bu ağıllı saat mesajlaşma, sağlamlıq və fitnes funksiyalarına sahib olacaq və sosial şəbəkələrin inkişaf etməkdə olan proqram təminatı ekosisteminin bir hissəsi kimi Facebook-un Oculus virtual reallıq başlıqlarına və Portal video söhbət cihazlarına qoşulacaq.

Qeyd edək ki, sözügedən ağıllı saatın gələn il bazara çıxarılacağı gözlənilir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram