Ezamiyyə xərcləri necə hesablanır? | Banco.az

Ezamiyyə xərcləri necə hesablanır?

Qanunvericiliyə əsasən, vergi ödəyicisinin sərəncamı ilə işçinin daimi iş yerindən müəyyən olunmuş müddətə başqa yerə xidməti tapşırığı yerinə yetirmək üçün getməsi xidməti ezamiyyət sayılır. Ezamiyyə xərclərinin hesablanması ilə bağlı maraq doğuran məsələlərə iqtisadçı ekspert Anar Bayramov aydınlıq gətirib.

Ezamiyyə yalnız işçiyə ödənilən məbləğdir. Ezamiyyə məbləğinin gəlirdən çıxılmasına gəlincə, Vergi Məcəlləsinin 109.7-ci maddəsinə əsasən, faktiki ezamiyyə xərclərinin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi normadan artıq olan hissəsi gəlirdən çıxılmır. Məcəllədə normalar dedikdə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 yanvar 2008-ci il tarixli, 14 nömrəli qərarı ilə təsdiq edilən həm respublika daxili, həm də xarici ezamiyyə normaları nəzərdə tutulur.

Misal 1: Tutaq ki, işçi Lənkərandan 5 günlük ezamiyyəyə göndərilib: 3 gün Bakı şəhərində, digər 2 gün isə regionlarda - 1 gün Gəncədə (50 manat mehmanxana çeki təqdim edib), 1 gün isə Şəkidə (52 manat mehmanxana çeki təqdim edib) gecələyib. Bakı şəhərində 2 gecə qalsa da, yalnız 1 günün gecələmək qəbzini təqdim edib. Həmin qəbzdə gecələmə xərci 80 manat göstərilib. Bu halda işçiyə nə qədər ezamiyyə haqqı ödənilməlidir?

Nazirlər Kabinetinin 25 yanvar 2008-ci il tarixli "Ezamiyyə xərclərinin normaları haqqında" qərarında yazılıb: "Azərbaycan Respublikasının ərazisində ezamiyyə xərclərinin 1 günlük norması Bakı şəhərində 90 manat, Gəncə, Sumqayıt və Naxçıvan şəhərlərində 70 manat, respublika tabeli digər şəhərlərdə, rayon mərkəzlərində, şəhər tipli qəsəbələrdə və kəndlərdə 65 manat müəyyən edilsin. Azərbaycan Respublikasının ərazisində ezamiyyə xərclərinin müəyyən edilmiş 1 günlük normasının 80 faizini mehmanxana xərcləri təşkil edir. Müəyyən edilsin ki, Azərbaycan Respublikasının ərazisində ezamiyyə zamanı mehmanxana xərcləri barədə müvafiq təsdiqedici sənədlər təqdim edilmədiyi hallarda, ezamiyyə xərclərinin 1 günlük normasının mehmanxana xərcləri üçün müəyyən edilmiş hissəsinin 50 faizi ödənilir".

Qeyd edək ki, Azərbaycan Respublikasının Baş Nazirinin imzaladığı 20 iyun 2018-ci il tarixli, 269 saylı qərara əsasən, ezamiyyə normalarının bu məbləğlərlə hesablanması 1 iyul 2018-ci ildən həyata keçirilir. Qaydalara istinad etsək:
1-ci gün Bakı şəhəri üçün gündəlik xərc - 90 manat x 20 faiz = 18 manat
1-ci gün Bakı şəhəri üçün mehmanxana xərci:
90 manat x 80 faiz = 72 manat

Mehmanxana xərci üçün 80 manatlıq çek təqdim edilməsinə baxmayaraq, qaydalara görə 72 manat ezamiyyə xərci hesablanılmalıdır.
2-ci gün Bakı şəhəri üçün gündəlik xərc – 90 manat x 20 faiz – 18 manat

2-ci gün Bakı şəhəri üçün mehmanxana xərci:
90 manat x 80 faiz x 50 faiz – 36 manat

Qaydalara görə, işçi mehmanxana çeki təqdim etmədiyinə görə, ona ezamiyyə xərclərinin 1 günlük normasının mehmanxana xərcləri üçün müəyyən edilmiş hissəsinin 50 faizi ödənilir.

3-cü gün Bakı şəhəri üçün gündəlik xərc:
90 manat x 20 faiz – 18 manat

Ən sərfəli kredit üçün müraciət et

Bakı üzrə cəmi ezamiyyə xərcinin cəmi 162 manat hesablanacaq:
18 manat x 3 gün (3 günlük gündəlik xərc) + 72 manat (1-ci günün mehmanxana xərci) + 36 manat (2-ci günün mehmanxana xərci) = 162 manat.

3-cü gün Gəncə şəhəri üçün 50 manatlıq mehmanxana qəbzi (normaya uyğun mehmanxana xərci 56 manat (70 manat x 80 faiz) olsa belə) təqdim edildiyi səbəbindən həmin məbləğ nəzərə alınır.

3-cü gün Gəncə şəhəri üçün gündəlik xərc:
70 manat x 20 faiz – 14 manat

Gəncə şəhəri üzrə cəmi ezamiyyə xərci 64 manat hesablanacaq:
14 manat (1 günlük gündəlik xərc) + 50 manat (1 günlük mehmanxana xərci) = 64 manat.

4-cü gün Şəki şəhəri üçün mehmanxana xərci:
65 manat x 80 faiz – 52 manat

5-cü gün Şəki şəhəri üçün gündəlik xərc
65 manat x 20 faiz – 13 manat

Şəki şəhəri üzrə cəmi ezamiyyə xərci 65 manat hesablanır:
13 manat (1 günlük gündəlik xərc) +52 manat (1 günlük mehmanxana xərci) = 65 manat.

Ezamiyyə xərclərinin yekunu:
162 manat + 64 manat + 65 manat = 291 manat.

Əlavə olaraq bildirək ki, Bakı üzrə təqdim olunan sənədlərdəki məbləğlə mehmanxana xərci norması arasında 8 manat (80 manat - 72 manat) fərq var. Təşkilat rəhbərliyi bu məbləği mənfəət hesabına ödəsin qərara alsa, işçiyə 299 manat (291 manat + 8 manat) ezamiyyə xərci ödənilməlidir.

Ezamiyyətdə olarkən gündəlik xərclər üçün hər hansı təsdiqedici sənədlər tələb olunmur.

vergiler.az

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram