“Expressbank” ASC 2016-cı ilin 3-cü rübünə olan maliyyə nəticələrini açıqlayıb.
Banco.az bankdan əldə etdiyi məlumatlara əsasən xəbər verir ki, sözügedən dövrdə bankın aktivlərinin həcmi 287 mln. 87 min manat olub.
Bankın cəmi aktivləri cari ilin 2-ci rübü ilə müqayisədə 2,2% artsa da, 1-ci rüb ilə müqayisədə 2,6% azalıb.
Qeyd edək ki, keçən ilin 3-cü rübündə bankın aktivləri 290 mln. 528 min manat təşkil edirdi.
Bankın kredit portfelində də azalma olub.
3-cü rübdə bankın kredit portfeli ilin əvvəli ilə müqayisədə 37,5 mln. manat azalaraq 214 mln. 595 min manat təşkil edib.
2016-cı ilin 30 sentyabr göstəricilərinə əsasən bankın depozit portfelində artım müşahidə olunub və bankda yerləşdirilən depozitlərin həcmi 79 mın. 505 min manat olub.
Cari ilin 31 mart nəticələrində bankın depozit portfeli 72 mln. 339 min manat, 30 iyun nəticələrində isə 76 mln. 981 min manat olub.
“Expressbank” ASC-nin kapitalının həcmi isə 138 mln. 537 min manat təşkil edib. Bu isə keçən ilin eyni dövrü ilə müqayisədə 4,5% azdır.
Bank 3-cü rübü 1 mln. 473 min manat xalis zərər ilə başa vurub.
Ölkənin ilk kommersiya bankı olan “Expressbank” 1989-cu ildə yaranıb və uzun müddət Azərnəqliyyatbank adı ilə fəaliyyət göstərib. 2008-ci ildə təşkilatı struktur daxil olmaqla Bankda dəyişikliklər baş verib. Bank 4 mart 2010-cu il tarixindən etibarən Expressbank kimi fəaliyyətini davam etdirib.