Express Bank cari ilin birinci rübünə olan nəticələri açıqlayıb. Bu haqda Banco.az portalı Bankın maliyyə hesabatlarına istinadən xəbər verir. Ötən ilin eyni dövrü ilə müqayisədə Bankın cəmi aktivləri 12% artıb. Bankın kredit portfelində isə artım 10% olub.
Beləliklə Bankın aktivlərinin həcmi 293 930 min, kredit portfelinin həcmi isə 206 839 min manata çatıb. Həmin dövr ərzində depozit portfelində göstəricilərdə demək olar ki, dəyişiklik olmayıb, məcmu kapitalda isə 9% artım qeydə alınıb.
Kreditlər və digər aktivlər üzrə ehtimal olan zərər üzrə ayrılmış ehtiyatların həcmi isə 3791min-a çatıb ki, bu da bir il öncə ilə müqayisədə 80% daha çoxdur.
Bankın birinci rüb ərzində faiz gəlirləri, ötən ilin eyni dövrü ilə müqayisədə 10% artıb. Eyni dövrlə müqayisədə faiz xərclərində artım 28% olub. Ötən ilin analoji dövrü ilə müqayisədə qeyri-faiz gəlirləri 21%, qeyri-faiz xərclərində 40% olmuşdur. Bankın xalis əməliyyat mənfəəti 4,903 min manat olub. Xarici valyutanın məzənnə dəyişməsi nəticəsində Bankın valyuta əməliyyatlarından əldə etdiyi xalis gəlir 1,207 min manat təşkil edib. Bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 68% azdır.