"Exchange"lər niyə açılmır? | Banco.az

"Exchange"lər niyə açılmır?

Artıq Azərbaycanda ailəvi istirahət mərkəzlərində, eləcə də hotellərdə yay turizmin başlaması ilə əlaqədar erkən rezervasiyalar başlayır.

Turizm mövsümü ölkənin ətraf bölgələrində, xüsusilə paytaxt Bakıda canlanma yardır.

Məlumdur ki, 2016-cı ilin əvvəlindən Azərbaycanda fəaliyyət göstərən bankların filial və şöbələrindən kənarda fəaliyyət göstərən mübadilə şöbələri ("exchange") bağlanıb. Bu addım Mərkəzi Bankın İdarə Heyətinin təsdiqlədiyi "Mübadilə şöbələrinin təşkili və mübadilə əməliyyatlarının aparılması Qaydaları"na əsasən atılıb. Xarici valyuta ilə ölkəmizə gələn turistlər tətil günlərində, xüsusilə şənbə-bazar valyuta dəyişməklə bağlı çətinliklə üzləşirdilər.

Bu problemin yaranmasından sonra bəzi banklarda iş saatı uzadılsa da, yenə də yetərli olmadı. Ekspertlər hesab edirdi ki, valyutadəyişmə məntəqələri şənbə-bazar günləri də fəaliyyət göstərdikləri üçün müəyyən mənada turistlərin rahatlığını təmin edirdi. Bəzi ekspertlər isə valyutadəyişmə məntəqələrinin bağlanmasının tərəfdarı olduqlarını bildirirlər.

Son zamanlar fəaliyyəti dayandırılan valyutadəyişmə məntəqələrinin yenidən işə başlaması məsələsi gündəmə gəlib.

Maraqlıdır, bu məntəqələrin bərpa olunmasını zəruri edən problemlər aradan qalxıbmı?

İqtisadçı-ekspert Nazim Bəydəmirli açıqlamasında nağdsız ödənişlərin tərəfdarı olduğunu bildirib: "Xarici turistlər ölkəyə gələrkən çox vaxt nağd pul gətirmirlər. Onların əksəriyyəti plastik kartlardan istifadə edirlər. Azərbaycana gələn ənənəvi turistlər daha çox öz Rusiyada, İranda, Gürcüstanda, eləcə də başqa ölkələrdə işləyən öz vətəndaşlarımız olur. Amma bunun fərqi yoxdur. Ölkəyə gələn turist gəlirli xidmət sektorunun inkişafıdır. Ölkənin tanıdılması ilə yanaşı, həm də iqtisadi qaynaq hesab olunur.

Ən sərfəli kredit üçün müraciət et

Bu baxımdan, şəraitin normal keçməsi və problemlərin olmaması, həm də əgər nağd vəsait gətirirlərsə, onların dəyişdirilməsi üçün turizm məkanlarında mütləq "exchange"lərin olması, hətta onların 24 saat işləməsi vacibdir. Turist axını mərkəzi və tarixi yerlərdə daha çox olur. Bu mənada Bakıda bank filialları kifayət qədərdir. Ancaq indiki zamanda nağd valyutanın dəyişdirilməsi prosesi daha çox banklara sərf edir, nəinki vətəndaşlara, eləcə də turistlərə.

Çünki 2016-cı ildə valyutadəyişmə məntəqələrinin bağlanması ajiotajı başlayan zaman təəssüf  ki, çox ciddi problemlər yaşandı. Belə ki, banklar valyutanı çox aşağı qiymətə alırdılar. Bu isə nəinki turistlərin, hətta yerli əhalinin də narazılığına səbəb olurdu. Hesab edirəm ki, monitar siyasəti həyata keçirən orqanlar- Mərkəzi Bank, Maliyyə Bazarlarına Nəzarət Palatası, o cümlədən fiksal siyasətlə məşğul olan iqtisadi qurumlar daha çox ölkə başçısının vaxtilə imzaladığı nağdsız ödənişləri stimullaşdırılması ilə bağlı tədbirləri gücləndirməlidir”. 

İqtisadçı valyutadəyişmə məntəqələrinin yenidən açılması məsələsinin gündəmdə olmasının tərəfdarı olmadığını deyib: "Onların çox olmasının faydasından çox zərərləri var. Əvvəlki illərin təcrübəsi onu göstərdi ki, bu məntəqələr daha çox kölgə iqtisadiyyatına xidmət edən vasitələrdir. Fikrimcə, bu stereotipdən qurtulmağın zamanıdır”. 

Cebhe.info