Evdən işləyənlər əmək məhsuldarlığını necə artıra bilər? | Banco.az

Evdən işləyənlər əmək məhsuldarlığını necə artıra bilər?

Bu gün Azərbaycanda da uzaqdan və ya evdə iş getdikcə populyarlaşır. Evdə daha müvəffəqiyyətlə işləmək və buna az vaxt sərf etmək üçün nələrə diqqət yetirmək lazımdır?

Həmçinin oxu: Evdən işləyənlər üçün 10 qızıl qayda

İş yerinizi evin qalan hissəsinin rahat atmosferindən ayırın və dəqiq iş cədvəli təyin edin. Bu, iş ritminə girmək və ev işlərinə görə fikrin yayınmaması cəhətdən çox faydalı olacaq.

Dress-koda riayət edin. Pijama və xalatda işləmək olmaz. Normal geyinmək, yuyunmaq, səhər yeməyini yemək və sonra işə başlamaq daha yaxşıdır. Bu zaman çalışdığınız otağın qapısını bağlayın. Açıq qapı ailə üzvlərini içəri girib sizinlə söhbət etməyə təhrik edir. Diqqətinizi heç kəs yayındırmamalıdır. Bir saat işlədikdən sonra özünüzə mütləq 15 dəqiqə fasilə verin. Fasilə itirilmiş qüvvəni bərpa etməkdə böyük əhəmiyyətə malikdir. Artıq bu müddətdə yaxınlarınızla söhbət edə bilərsiniz. İş masasını sahmana salmaq da olar. Stolun üstündəki qarışıqlıq da beyni yorur. Ətrafdakı səliqə görülən işin effektivliyini artıracaq. Lakin istisnalar həmişə mövcuddur. Bəzi yaradıcı insanlar xaosdan ilham alır.

İşləyərkən telefonları və poçt ismarıcları haqqında bildirişləri qapadın. İşiniz bilavasitə internetlə əlaqəli deyilsə, onu da söndürün. İşə aludə olub vaxtı unutmayın. Planlaşdırdığınız iş başa çatıbsa, “iş yerini” tərk edin. Əks təqdirdə elementar yorğunluq öz sözünü deyəcək və iş keyfiyyətiniz aşağı düşəcək.

Ən sərfəli kredit üçün müraciət et

Həmçinin oxu: Freelance çalışan işəgötürəni necə tapmaq olar?

Kompyuter arxasında saatlarla oturmaq orqanizmi “qurudur”. İşləyərkən arabir su içməyi mütləq vərdişə çevirin. Unutmayın, sutkada 2 litr su içməlisiniz. Udduğunuz şüanı bədəninizdən atmaq üçün yaşıl çay əvəzsizdir. Seçim zövqünüzdən asılıdır.

Çalışarkən eyni zamanda musiqi dinləyə bilərsiniz. Ancaq işə fokuslanmağa mane olmayan və arxa fonda səslənən nikbin melodiya seçin ki, müsbət köklənəsiniz.

İş yükünüz iş həftəsi üzrə düzgün paylanmalıdır. Əvvəla, bu, sonradan təlaşa qapılmamaq üçün zəruridir. İkincisi, iş adekvat bölündükdə məşğul olduğunuz saatların sayı məhdudlaşacaq. Nəticədə öz həyatınızı yaşamaq üçün daha çox vaxt vaxtınız qalacaq.

Nigar Umaxanlı, Finco.az