Evdən işləmək hansı bərabərsizliklərə səbəb olur? | Banco.az

Evdən işləmək hansı bərabərsizliklərə səbəb olur?

Tamara Mustafayeva, Banco.az

Koronavirus pandemiyası ilə əlaqədar olaraq demək olar ki, dünyanın hər yerində “yeni norma” hesab edilən vəziyyətə keçid edilməsi ilə ölkələr iqtisadi və səhiyyə sahələrində artan sosial bərabərsizliyin qarşısını almaq üçün mübarizə aparmağa başlayıb.

20-ci əsrdə qələmə alınmış “A Room of One's Own” (“Özünə məxsus otaq”) əsərində ingilis yazıçısı Virciniya Vulf iqtisadi asılılığın kişilərlə əlaqəsini və qadınların yazıçılıq üçün lazımi şərait əldə edə bilməməsini araşdırır. O qeyd edir ki, maddi vəziyyət sosial bərabərsizliyə gətirib çıxarır. Pula sahib olmaq və evdə işləmək üçün lazımi şəraitin yaradılması hər zaman kişilərin imtiyazı hesab edilir.

Hazırda isə yaşadığımız dövrün ən qlobal problemi olan koronavirus pandemiyasının bütün dünyanı öz təsiri altına alması ilə tətbiq edilən karantin rejimi “özünə məxsus ofis” anlayışını gündəmə gətirib. Bilindiyi kimi dünyanın hər yerində müxtəlif böyük və kiçik şirkətlər, təşkilatlar və şəxsi bizneslə məşğul olan şəxslər mövcud vəziyyətlə bağlı olaraq məsafədən işləməyə məcbur olmuşdu. Lakin, bütün çağırışlara və tövsiyələrə baxmayaraq, heç də bütün insanlar evdən işləməyə keçməyiblər.

Əksər mütəxəssislər bildirir ki, əsasında məsafədən işləməyin dayandığı “yeni norma” yeni bərabərsizlik yaratmasa da, əvvəlcədən mövcud olan bərabərsizliyi dərinləşdirəcək. Almaniyanın Mannheim Universitetində professor olan Katja Möhring verdiyi müsahibələrin birində belə vurğulayıb:

“Evdən işləmək imkanı olan şəxslərlə hələ də ofisə getməli olanlar arasında bariz görünən bərabərsizlik hökm sürür.”

Covid-19 pandemiyasının səbəb olduğu bərabərsizliklər

Coronavirus News on Screen

Katja Möhring Almaniyada karantin rejiminin tətbiq edilməyə başlanıldığı ilk günlərdə Mannheim Universiteti tərəfindən həyata keçirilən araşdırmanın müəlliflərindən biridir. Sözügedən araşdırmaya görə, yüksək gəlirli işçilərin məsafədən çalışmaq üçün daha çox imkanları var. Təbii ki, cərrahlar kimi peşəsinin tələbi olaraq mütləq fiziki təmasa ehtiyac duyulan peşə sahibləri istisna təşkil edir.

Maraqlı məqamlardan biri isə odur ki, bəzi ekspertlər evdən işləmək qaydasının övlad sahibi olan qadınlara bir çox çətinliklər yaratdığını bəyan etsələr də, Mannheim Universiteti tərəfindən həyata keçirilən bu araşdırma cins faktorunun rol oynadığı bərabərsizlik halı olduğunu düşünmür.

“Məsafədən işləmək qaydasının tətbiqi zamanı cinsi bərabərsizlik halına rast gəlinməmişdir”, deyə vurğulayan Möhring eyni zamanda qeyd edir ki, övlad sahibi olan analar hazırki şəraitdə iş saatlarını qısaltmağa meyl ediblər.

Baxmayaraq ki, sözügedən araşdırmanın nəticələri Almaniyanın əmək bazarı üçün xarakterik olsa da, mütəxəssislər digər ölkələrdə də oxşar nəticələrin əldə ediləcəyinə inanırlar.

Ən sərfəli kredit üçün müraciət et

Pandemiyadan ən çox zəzər çəkmiş ölkələrdən biri olan İspaniyada həyata keçirilmiş başqa bir araşdırmada müəyyən edilib ki, əmək haqqı bölgüsü və evdən işləmə imkanı arasında pozitiv əlaqə mövcuddur. Belə ki, daha yaxşı əmək haqqı verilən sahələrdə çalışan şəxslər milyonlarla insanın işini itirdiyi mövcud şəraitdən daha az zərərlə çıxacaqlar. Çünki həmin sahələrin tələb etdiyi iş şəraiti məsafədən çalışmağa asanlıqla uyğunlaşdırıla bilir.

Oxşar vəziyyət əksər ölkələr üçün xarakterik olduğundan mütəxəssislər bildirir ki, sözügedən bərabərsizliyi aradan qaldırmaq üçün hökumətin müvafiq tədbirlər görməsi zəruridir.

Oksford Universitetinin professoru Juan Cesar Palomino verdiyi müsahibələrin birində məsələ ilə bağlı aşağıdakı ifadələrdən istifadə etmişdi:

“Təkcə işçilərin əmək haqqı səviyyəsini deyil, həmçinin müxtəlif peşə sahələrinin mövcud vəziyyətə dayanıqlılıq səviyyəsini də əhatə edən sosial ziddiyət mövcuddur. Onu da qeyd edim ki, yalnızca işçilər qeyri-bərabər formada virusdan təsirlənmir, həmçinin onların çalışdıqları sahələr də fərqli şəkildə uyğunlaşma və dayanıqlılıq göstərir.”

Yeni normaya doğru

White Notes Beside a Pencil on Brown Wooden Surface

Əksər ölkələrin artıq karantin rejimini yumşaltması və yeni norma qaydasına keçməsinə baxmayaraq, pandemiyanın ikinci dalğasından qorunmaq üçün hələ də sosial məsafə qaydasının qüvvədə qalması səbəbindən analitiklər bu bərabərsizliklərin davam edəcəyinə dair xəbərdarlıq edirlər.

Həmçinin oxu: Koronavirusdan sonra həyatımızda hansı dəyişikliklər olacaq?

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram