Etsy-nin gəliri IV rübdə rekord həddə çatıb | Banco.az

Etsy-nin gəliri IV rübdə rekord həddə çatıb

Müəllif  - Eldar Kərimov/Banco.az

Amerikanın Etsy Inc. onlayn ticarət platforması 2024-cü ilin dördüncü rübündə rekord gəlir əldə edib, lakin bu göstərici analitiklərin gözləntilərini doğrultmayıb.

Oktyabr-dekabr aylarında şirkətin xalis mənfəəti 1,5 dəfədən çox artaraq 129,9 milyon dollar (hər səhm üçün 1,03 dollar) təşkil edib. Ötən ilin eyni dövründə bu rəqəm 83,3 milyon dollar (hər səhm üçün 0,62 dollar) olub.

MarketWatch-un analitikləri xalis mənfəətin hər səhm üçün 0,93 dollar olacağını proqnozlaşdırırdılar. 2024-cü ildə Etsy səhmlərinin bir hissəsini geri alaraq ümumi səhmlərin sayını 12,2 milyona qədər azaldıb.

Şirkətin gəliri 1,2% artaraq 852,2 milyon dollara çatıb, lakin bu göstərici 861,8 milyon dollarlıq konsensus-proqnozdan aşağı olub.

Bununla yanaşı, ticarət dövriyyəsi illik 6,8% azalaraq 3,7 milyard dollar təşkil edib.

Etsy 2025-ci ilin birinci rübündə də ticarət dövriyyəsinin əvvəlki rüblə eyni səviyyədə qalacağını gözləyir.

2024-cü ildə şirkətin xalis mənfəəti 303,3 milyon dollar olub ki, bu da 2023-cü ilin göstəricisindən (307,6 milyon dollar) 1,4% azdır. Gəlir 2,2% artaraq 2,8 milyard dollara, ticarət dövriyyəsi isə 4,4% azalaraq 12,6 milyard dollara düşüb.

Son 12 ayda Etsy-nin bazar dəyəri 25,7% azalaraq 6,4 milyard dollara enib.

Etsyfiziki şəxslər arasında ticarət üçün nəzərdə tutulmuş onlayn platformadır. Şirkət əl işi məhsullara, vintage əşyalara və məhdud sayda istehsal olunan unikal mallara diqqət yetirir.