Ərəb şeyxinin israfçılığı “Manchester City”yə baha başa gəldi | Banco.az

Ərəb şeyxinin israfçılığı “Manchester City”yə baha başa gəldi

Futbol dünyasında ciddi hadisələr baş verir: UEFA Çempionlar Liqasında qələbəyə əsas iddiaçılardan biri olan “Manchester City”yə qarşıdakı iki il ərzində Avropa kuboklarında iştirakı qadağan edib. Belə ki,“Manchester City”nin sahibi olan ərəb şeyxinin kluba gizli olaraq ifrat dərəcədə pul xərclədiyi ortaya çıxıb.

UEFA aşkar edib ki, 2012–2016-cı illərdə klub sponsor gəlirlərini və zərər göstəricilərini öz xeyrinə yanlış göstərərək auditorları aldadırmış. Halbuki fair-play (ədalətli oyun qaydaları) həddən artıq vəsait xərcləməyi qadağan edir. “PWC”nin məlumatına əsasən, klub 35 milyon avro xərci əlaqəli şirkətlərin ayağına yazaraq ört-basdır edib, reklam gəlirlərini isə təxminən 70 milyon avro şişirdib.

Klubun qanunsuz maliyyə fəaliyyəti iki il əvvəl “Football Leaks” saytının ətraflı araşdırmasından sonra müzakirə olunmağa başlanmışdı. Daha sonra UEFA məsələni nəzarətə götürdü, istintaqı isə Belçikanın keçmiş baş naziri İv Leterm apardı.

Həmçinin oxu: Bu futbol klubu ölkə ÜDM-nə 1,4 milyard avro qazandırıb

Kluba qarşı sanksiyalar yalnız oyunlardan kənarlaşdırılma ilə məhdudlaşmır. “Sports.ru” qeyd edir ki, klub 32,5 milyon dollar cərimə ödəməli və hətta aparıcı oyunçularını maliyyə restrukturizasiyası çərçivəsində satmalı olacaq. Üstəlik, “Daily Mail” qəzetinin yazdığına görə, klub 2014-cü ildə keçirilmiş İngiltərə premyer liqasında qazanılmış çempion statusundan da məhrum edilə bilər.

Ədalətli oyun qaydaları bir klubun bir mövsüm müddətində xərcləyə biləcəyi pul miqdarını məhdudlaşdırır. Bu qayda 2009-cu ildən tətbiq edilir. Məqsəd idman biznesini həddən artıq xərclərdən müdafiə etmək və sabitliyi təmin etməkdir.

“DW” yazır: “Qaydalar ona görə tətbiq edildi ki, sırf əyləncə və kubok məqsədiylə klub alan pleyboy milyarderləri nəzarətdə saxlamaq mümkün olsun. Belə klub sahiblərinin bəzən sahibi olduğu komanda ilə onun azarkeşləriylə eyni səviyyədə emosional bağlılıqları belə olmur”. Qaydalar fayda gətirdi və 2013-cü ildən bəri Avropa klublarının əməliyyat mənfəəti, həqiqətən, müsbət oldu və o vaxtdan mənfiyə düşmədi.

Qaydaların pozulmasına görə ən ciddi cəza Avropa kuboklarından uzaqlaşdırmadır ki, “Manchester City” də məhz buna layiq görüldü. “DW”nin qeyd etdiyinə görə, ən ağırı isə odur ki, klubun Çempionlar Liqasının qalibi olmaq üçün hər cür şansı vardı.

Ən sərfəli kredit üçün müraciət et

2008-ci ildən bəri klub Əbu-Dabinin vəliəhd şahzadəsi və BƏƏ baş nazirinin müavini Şeyx Mənsur ibn Zayed Əl Nahayana məxsusdur. Şeyx müxtəlif dövlət vəzifələrində çalışmış və Fars körfəzinin ən böyük banklarından biri olan “First Gulf Bank”ın rəhbəri kimi də fəaliyyət göstərmişdir. Britaniya tabloidlərinin iddiasına görə, onun siyasi təsiri o dərəcədə böyükdür ki, Barak Obamanın nömrəsi hətta sürətli yığımdadır. Şeyx Vladimir Putin ilə Yaxın Şərqdə hərbi əməkdaşlıq barədə danışıqlarda da iştirak edib.

Ərəb şeyxlərinin israfçılığı artıq heç kəsi təəccübləndirmir. Gözlənildiyi kimi Mənsur ibn Zayed də klubun başından pul səpələdi. 10 il ərzində bilavasitə “bazarlığa” xərclənmiş 150 milyon funtu nəzərə almasaq, “Manchester City”yə 1,3 milyard funt sterlinq sərmayə yatırıb. Şeyxlə yalnız Roman Abramoviç müqayisə oluna bilər. Eyni müddətdə Abramoviç “Chelsea”yə 1,17 milyard funt sterlinq xərcləyib. Abramoviç və Şeyx futbolda ən varlı insanların reytinqində də yanaşı yerlərdə qərarlaşıblar. Qeyd edək ki, Əlişir Usmanov da ilk onluğa daxildir.

Şeyxin gəlişi ilə “Manchester City” dörd İngiltərə premyer liqası titulu qazanıb və altı dəfə İngiltərə çempionu olub. Daha çox titula yalnız “Manchester United” və “Chelsea” malikdir.

2010-cu illərin əvvəllərindən etibarən “Manchester City”in gəliri sürətlə artmağa başlayıb və 2018-2019 mövsümündə rekord qıraraq 535 milyon funt sterlinqə qədər artıb. Bu da Avropada altıncı göstəricidir. Hal-hazırda klub böyük problemlər yaşayır. “Sports.ru”nun qiymətləndirməsinə əsasən, iki ildə klub 300 milyon funt sterlinq itirəcək, çünki klubun gəlirinin əsas hissəsini Çempionlar Liqasında iştirak təmin edirdi.

Düzdür, klubun UEFA-nın qərarına etiraz etmək şansı var. Klub özü də artıq bunu etməyə çalışacağını bəyan edib. Bir neçə il əvvəl “Milan” qərarın dəyişdirilməsinə nail olmuşdu. Ümid etmək olar ki, “Manchester City” də futbol azarkeşlərini məyus etməyəcək.

Nigar Umaxanlı, Finco.az

Ən sərfəli krediti almaq üçün müraciət et