Enterpriseazerbaijan.com portalının təqdimetmə mərasimi keçirilib | Banco.az

Enterpriseazerbaijan.com portalının təqdimetmə mərasimi keçirilib

Prezident İlham Əliyevin qeyri-neft sektorunda rəqabətqabiliyyətli daxili istehsalın dəstəklənməsi ilə bağlı əlavə tədbirlər haqqında Sərəncamına uyğun olaraq, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) tərəfindən yaradılan www.enterpriseazerbaijan.com portalının təqdimetmə mərasimi keçirilib.

Tədbiri giriş sözü ilə İİTKM-in icraçı direktoru Vüsal Qasımlı açıb. O deyib ki, Portal mütəmadi yenilənən, istifadəyə rahat, əlçatan, təhlükəsiz, sürətli və əlverişli məkan olaraq Azərbaycandakı investisiya layihələri, startaplar, əmlak, səhm, torpaq və digər aktivlər barədə məlumat bankıdır: “Bu gün bütün dünyada verilən əsas sual budur ki, biznes aktivləri, yoxsa birləşdirici platforma daha üstündür? Facebook, Airbnb, Uber, Alibaba kimi layihələr göstərir ki, rəqəmsal platformalar nə dərəcədə vacibdir. Bu baxımdan EnterpriseAzərbaycan.com portalının ərsəyə gəlməsi və Azexport və Rəqəmsal Ticarət Qovşağı ilə ekosistem təşkil etməsi təsadüfi deyil. İşəgötürənlər “insan buludu”ndan (human cloud) istifadə edərək sifarişlərini verirlər. Dünyanın hər yerindən professionallar təklif edəcəkləri xidmətləri və layihələri “insan buludu”nda yerləşdirirlər ki, reallaşdırsınlar. Beləliklə, EnterpriseAzərbaycan həm də “insan buludu” platforması rolunuda çıxış edərək promoterlər və investorları birləşdirəcək. EnterpriseAzərbaycan P2P platforması kimi investisiyalar bazarına çıxışı asanlaşdırır, investisiya cəlbi üçün sərf olunan resursları qənaət edir, xərcləri azaldır. Çünki portal “robot-məsləhətçi” alqoritminin tətbiqini nəzərdə tutur. Gələcəkdə hətta EnterpriseAzərbaycan-da blokçeyn texnologiyalarının istifadə edilməsi də nəzərdən keçirilir. EnterpriseAzərbaycan ölkədə sahibkarlığın yeni biznes əməliyyat modeli üzərində inkişafına dəstək verəcək: istehlakçı-mərkəziyyəti, data əsaslı inkişaf, talantizm və biznesin iyerarxik strukturundan şəbəkə modelinə keçid. EnterpriseAzərbaycanın razılığa gəldiyi dünyada aparıcı mələk, toxum və vençur sərmayədarlar ölkəmizdəki biznes layihələri maliyyələşdirmək üçün müzakirələrə hazırdılar. Bu yolla EnterpriseAzərbaycan ölkədə startap hərəkatına yeni təkan verməyi planlayır.” V. Qasımlı yerli layihə müəlliflərini, sahibkarlar və sərmayədarları EnterpriseAzerbaijan.com Portalı ilə yaxından əməkdaşlığa dəvət edib.

Ən sərfəli kredit üçün müraciət et

Tədbirdə Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadə, Əmək və Əhalinin Sosial müdafiəsi nazirinin müavini Mətin Kərimli, GoldenPay şirkətinin yaradıcısı Fərid İsmayılzadə, Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas, Estoniya investisiya agentliyinin direktorları Allan Selirand və Jaan Heinsoo çıxışlar ediblər.

Tədbir müddətində İqtisadi İslahatlarin Təhlili və Kommunikasiya Mərkəzinin “Enterpriseazerbaijan.com” portalı ilə “Enterprise Estonia” sahibkarlığın inkişafina yardım fondu arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.
Təqdimat mərasimi zamanı Enterpriseazerbaijan.com portalının mahiyyətindən bəhs edən videoçarxlar nümayiş olunub. Portalın ulduz səfiri Azərbaycan futbolunun ulduzu Qurban Qurbanov ictimaiyyəti Enterpriseazerbaijan portalı ilə bağlı düzgün hədəfi seçməyə çağırıb. Beynəlxalq qurumların və xarici biznes nümayəndələri -  Rusiya elektron pul və pul köçürmələri assosiasiyasının prezidenti Viktor Dostoy, OrientSwiss şirkətinin Qazaxıstan nümayəndəliyinin direktoru Sardor Muhamadaliyev, Buxarest universitetinin Department direktoru Emerita Mariana, Tailandın elektron biznes mərkəzinin icraçı direktoru Kultriak Pakavarkrilers, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (İƏİT) Avrasiya üzrə direktoru Bill Tomson,  Finding My Place” təşkilatının həmtəsisçisi İngrid Rostenin çıxış etdiyi video-çarxda isə Enterpriseazerbaijan portalının əhəmiyyətindən danışılıb.

Yeri gəlmişkən təqdimat mərasimində dövlət və özəl ictimaiyyətin eləcə də xarici ölkə nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, Enterpriseazerbaijan Portalı Azərbaycana birbaşa xarici investisiyaların cəlb edilməsi potensialının təkmilləşdirilməsi və investisiya cəlbediciliyinin daha da artırılması məqsədilə ölkədə alternativ maliyyələşməyə açıq layihələr və yeni investisiya imkanları haqqında məlumatları əks etdirən, həmçinin investisiya layihələrini yerli və xarici investorların maliyyələşdirməsi üçün əlverişli platformadır.