Enerji sektorunda nəhəng birləşmə | Banco.az

Enerji sektorunda nəhəng birləşmə

Müəllif: Tamara Mustafayeva, Banco.az

Enerji sektorunda nəhəng birləşmə.

Banco.az xəbər verir ki, “NextEra Energy” şirkəti ABŞ-nin Virciniya, Şimali Karolina və Cənubi Karolina ştatlarında elektrik xidməti göstərən “Dominion Energy” ilə birləşəcəyini açıqlayıb.

“NextEra Energy” tərəfindən yayılan açıqlamada bildirilib ki, iki şirkət səhmlərin dəyişdirilməsi əsasında həyata keçiriləcək əməliyyat çərçivəsində birləşmə ilə bağlı yekun razılığa gəlib.

Açıqlamada qeyd olunub ki, birləşmədən sonra “bazar dəyərinə görə dünyanın ən böyük tənzimlənən elektrik xidməti şirkəti” formalaşacaq.

Razılaşmaya əsasən, “Dominion Energy”nin səhmdarları sahib olduqları hər səhm müqabilində əməliyyat tamamlandıqdan sonra sabit şəkildə 0,8138 ədəd “NextEra Energy” səhmi əldə edəcəklər. Bildirilib ki, birləşmədən sonra yaranacaq yeni şirkətin təxminən 74,5 faizi “NextEra Energy” səhmdarlarına, 25,5 faizi isə “Dominion Energy” səhmdarlarına məxsus olacaq.

Yeni şirkətin Florida, Virciniya, Şimali Karolina və Cənubi Karolina ştatlarında təxminən 10 milyon müştəri hesabına xidmət göstərəcəyi və 110 giqavatlıq elektrik istehsalı gücünü idarə edəcəyi vurğulanıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram