Ən “səxavətli” sığorta şirkətləri | Banco.az

Ən “səxavətli” sığorta şirkətləri

Bu ilin yanvar-sentyabr aylarının yekunlarına görə, Azərbaycanın sığorta şirkətləri topladıqları hər 100 manat sığorta haqqının 37 manatını müştərilərinə ödəyiblər. Amma sığorta şirkətlərinin ödəniş səviyyəsi bir-birindən kəskin fərqlənir.

Yığdıqlarından da artıq ödəyiblər

İlk 9 ayının nəticələrinə görə, ölkənin ən “səxavətli” sığorta şirkəti bu sentyabrın 9-da lisenziyası ləğv edilmiş “Royal Sığorta” şirkəti olub. Maliyyə Nazirliyi yanında Dövlət Sığorta Nəzarəti Xidmətindən verilən məlumata görə, "Royal Sığorta” 9 ay ərzində cəmi 2 255 manat sığorta haqqı toplasa da, bundan 3,7 dəfə artıq, yəni 8314 manat ödəniş edib.  Başqa sözlə, topladığı hər 100 manatın müqabilində müştərilərinə 370 manat ödəyib.
Normal fəaliyyət göstərən şirkətlər arasında ödəniş faizi ən böyük olan şirkət “A-Qroup” sığorta şirkəti olub. Əsasən tibbi sığorta üzrə ixtisaslaşmış şirkət ilin əvvəlindən bəri 4,29 milyon manat sığorta haqqı toplasa da, 5,16 milyon manat ödəniş edib.  Yəni, "A-Qroup" topladığı hər 100 manata görə 120 manat ödəniş edib.

5 sığorta şirkətində ödəniş 60-90% olub

Topladığı sığorta haqqına nisbətdə ödənişin həcminə görə, 3-cü yeri “Azərbaycan Sənaye Sığorta” şirkəti tutur. Şirkət yanvar-sentyabrda topladığı 8,9 milyon manat sığorta haqqının 7,45 milyon manatını və ya 84%-ni müştərilərinə qaytarıb. Halbuki ötən ilin eyni dövründə bu göstərici 17%-ə yaxın olub. "Sənaye Sığorta"nın ödənişlərinin kəskin artımı şirkətin bir neçə ay bundan əvvəl inşaat sığortası üzrə 4,9 milyon manatlıq ödəniş etməsi ilə əlaqədardır.

İlk 8 ayda “Atəşgah Həyat” sığorta şirkəti isə topladığı hər 100 manat sığorta haqqı müqabilində 68,5 manat ödəniş edib. Baxmayaraq ki, ötən il bu göstərici 11,4 manat olub. Bu il şirkətin yığımları 30,2 milyon manat, ödənişləri isə 20,7 milyon manat olub. "Atəşgah Həyat"da ödənişlərin belə kəskin artması avqust ayında həyatın yaşam sığortası ilə bağlı müqavilələrinin başa çatması ilə əlaqədardır.
“Bakı Sığorta” şirkətində də ödəniş-yığım nisbəti demək olar ki, keçənilki səviyyədə qalıb.  Şirkət topladığı 2,66 milyon manat sığorta haqqının 66,5%-ni və yaxud 1,77 milyon manatını müştərilərinə ödəyib. Ötən il isə bu nisbət 62%-dən çox olub.

Ən sərfəli kredit üçün müraciət et

Sığorta haqlarının azalması əsasən kasko sığortası üzrə ixtisaslaşmış “Era Trans” və “Buta Sığorta” şirkətlərinin də zərərliliyini artırıb. Belə ki, “Era Trans” 9 ay ərzində topladığı 403 min manat sığorta haqqının 259 min manatı, yəni 64,3%-i qədər ödəniş edib. Halbuki, ötən il bu nisbət 44,5% olub. “Buta Sığorta”da isə zərərlilik göstəricisi 25,4%-dən 60,2%-ə qalxıb. Şirkət 3,74 milyon manatlıq daxilolmanın 2,25 milyon manatını ödənişə yönəldib.

Ən az ödəniş edən şirkətlər

Hesabatda adı çəkilən 28 sığorta şirkətindən 15-də ödəniş nisbəti 25%-50% arasında dəyişir. Topladığı sığorta haqqı ilə müqayisədə ən az ödəniş həyata keçirən şirkət isə “İpək Yolu Sığorta” olub. Əsasən “Azərbaycan Hava Yolları” QSC-yə məxsus təyyarələri sığortalayan şirkət 18,3 milyon manat sığorta haqqından cəmi 286 min manat (1,57%) ödəniş edib. Yaxın vaxtlarda bazarı tərk edəcəyi gözlənilən “Çartis-Azərbaycan” şirkəti isə 40550 manat sığorta haqqı toplasa da, bunun cəmi 693 manatını (1,71%-ni) ödənişə yönəldib.
“PAŞA Həyat” və “Qala Həyat”da isə ödəniş-yığım nisbəti müvafiq olaraq 7,03% və 4,21%-dir. Normal fəaliyət göstərən qeyri-həyat sığorta şirkətləri arasında ən aşağı ödənişlər "Meqa Sığorta" və "Azərqarant"dır. Bu şirkətlər topladıqları hər 100 manat sığorta haqqının təxminən 13 manatını ödəniş ediblər.

Həmişə "səxavətli" olanlar

Ümumilikdə 28 sığorta şirkətindən 20-də ödəniş səviyyəsi ötən ilə nisbətən yüksək olub. 8 şirkətdə isə əksinə ödəniş səviyyəsi azalıb. Bəzi sığorta şirkətlərində ödənişlərin artımı yığımların azalması ilə əlaqədardır. Amma 10 sığorta şirkətində ödənişlərini səviyyəsi həm ötən il, həm də bu il orta bazar səviyyəsindən yüksək olub. Bunlar "A-Qroup", “Bakı Sığorta”, "Era Trans", "Paşa Sığorta", "AXA MBASK, "Amrah Sığorta", “Beynəlxalq Sığorta Şirkəti”, “Başak İnam Sığorta Şirkəti”, “Atəşgah Sığorta” və “Standart İnsurance” şirkətləridir.

Fins.az