Bu ilin yanvar-avqust aylarının yekunlarına görə, Azərbaycanın sığorta şirkətləri topladıqları hər 100 manat sığorta haqqının 36,5 manatını müştərilərinə ödəyiblər. Amma sığorta şirkətlərinin ödəniş səviyyəsi bir-birindən kəskin fərqlənir.
Yığdıqlarından da artıq ödəyiblər
İlk 8 ayının nəticələrinə görə, ölkənin “səxavətli” sığorta şirkəti bu sentyabrın 9-da lisenziyası ləğv edilmiş “Royal Sığorta” şirkəti olub. Maliyyə Nazirliyi yanında Dövlət Sığorta Nəzarəti Xidmətindən verdilən məlumata görə, "Royal Sığorta” 8 ay ərzində cəmi 2 255 manat sığorta haqqı toplasa da, bundan 3,7 dəfə artıq, yəni 8314 manat ödəniş edib. Başqa sözlə, topladığı hər 100 manatın müqabilində müştərilərinə 370 manat ödəyib.
Normal fəaliyyət göstərən şirkətlər arasında ödəniş faizi ən böyük olan şirkət “A-Qroup” sığorta şirkəti olub. Əsasən tibbi sığorta üzrə ixtisaslaşmış şirkət ilin əvvəlindən bəri 3,9 milyon manat sığorta haqqı toplasa da, 4,6 milyon manat ödəniş edib. Yəni, "A-yroup" topladığı hər 100 manata görə 117 manat ödəniş edib. Hərçənd şirkət rəhbərliyi bunu faciə saymır - "A-Qroup"ın idarə heyətinin sədr müavini Əli Bayramov bildirib ki, ilin sonunda müqavilələr yeniləndikdə, yığımların həcmi yenidən ödənişi üstələyəcək.
5 sığorta şirkətində ödəniş 60-90% olub
Topladığı sığorta haqqına nisbətdə ödənişin həcminə görə, 3-cü yeri “Azərbaycan Sənaye Sığorta” şirkəti tutur. Şirkət yanvar-avqustda topladığı 8 milyon manat sığorta haqqının 7,3 milyon manatını və ya 91%-ni müştərilərinə qaytarıb. Halbuki ötən ilin eyni dövründə bu göstərici 16%-a yaxın olub. "Sənaye Sığorta"nın ödənişlərinin kəskin artımı şirkətin bir neçə ay bundan əvvəl inşaat sığortası üzrə 4,9 milyon manatlıq ödəniş etməsi ilə əlaqədardır.
İlk 8 ayda "Bakı Sığorta"şirkətinin topladığı hər 100 manat sığorta haqqının müqabilində 72 manat ödəniş edib. Şirkətin yığımları 2,11 milyon manat, ödənişləri 1,5 milyon manat olub. Bunu şirkətin yığımlarının ötən ilə nisbətən təqribən 2 dəfə azalması ilə də izah etmək olar, hərçənd "Bakı Sığorta"nın ötən ilin eyni dövründəki ödənişləri də 64% olub.
Yığımların azalması "Buta Sığorta" şirkətinin də ödəniş nisbətini artırıb. Şirkət topladığı sığorta haqlarının 64%-i qədər ödəniş edib. Baxmayaraq ki, ötən il bu göstərici cəmi 24% idi.
"Era Trans" və "Atəşgah Həyat" şirkətləri isə topladıqları hər 100 manat sığorta haqqının 63,5 manatını ödəniş kimi müştərilərinə qaytarıblar. "Atəşgah Həyat"da ödənişlərin belə kəskin artması avqust ayında həyatın yaşam sığortası ilə bağlı müqavilələrinin başa çatması ilə əlaqədar olub.
Ən az ödəniş edən şirkətlər
Hesabatda adı çəkilən 28- sığorta şirkətindən 15-də ödəniş nisbəti 26%-50% arasında dəyişir. Topladığı sığorta haqqı ilə müqayisədə ən az ödəniş həyata keçirən şirkət isə “Çartis-Azərbaycan” olub. Yaxın vaxtlarda bazarı tərk edəcəyi gözlənilən şirkət 39200 manat sığorta haqqı toplasa da, bunun cəmi 340 manatını (0,87%-ni) ödənişə yönəldib.
Əsasən “Azərbaycan Hava Yolları” QSC-yə məxsus təyyarələri sığortalayan “İpək Yolu Sığorta” şirkəti isə 16,5 milyon manatlıq sığorta haqqından cəmi 282 manat (1,7%) ödəniş edib. “PAŞA Həyat” və “Qala Həyat”da isə ödəniş-yığım nisbəti müvafiq olaraq 6,87% və 4,53%-dir. Normal fəaliyət göstərən qeyri-həyat sığorta şirkətləri arasında ən aşağı ödənişlər "Meqa Sığorta" və "Azərqarant"dır. Bu şirkətlər topladıqları hər 100 manat sığorta haqqının 12-14 manatını ödəniş ediblər.
Həmişə "səxavətli" olanlar
Ümumilikdə 28 sığorta şirkətindən 19-da ödəniş səviyyəsi ötən ilə nisbətən yüksək olub. 9 şirkətdə isə əksinə ödƏniş səviyyəsi azalıb.
Qeyd edək ki, bəzi sığorta şirkətlərində ödənişlərin artımı yığımların azalması ilə əlaqədardır. Amma 9 sığorta şirkətində ödənişlərini səviyyəsi həm ötən il, həm də bu il orta bazar səviyyəsindən yüksək olub. Bunlar "Bakı Sığorta", "Era Trans", "Paşa Sığorta", "AXA Mbask", "Əmrah Sığorta", “Beynəlxalq Sığorta Şirkəti”, “Başak İnam Sığorta Şirkəti”, “Atəşgah Sığorta” və “Standart İnsurance” şirkətləridir.
Fins.az