Dəyişkən gündəlik iş rejiminə dinamik həyat tərzi də daxil olduqdan sonra yola sərf olunan uzun vaxt səmərəli keçməlidir. Bəzən televiziya seriallarını və ya filmləri ictimai nəqliyyatda izləmək və radio proqramını əvəzləyən podkastları dinləmək səfərlərimizi daha xoş edə bilər. Bununla birlikdə seçdiyiniz qulaqlıq bu işləri həyata keçirərkən çox kömək edir. Bir qulaqlıqdan nə gözləyirsiniz? Uzunmüddətli və rahat istifadə, naqillərin dolaşmaması və ya yaxşı səs keyfiyyəti. Bunların hamısını bir yerdə tapmaq heç də asan deyil.
Ən yaxşı naqilsiz qulaqlıqlara dair bir çox alternativləri təqdim edirik.
Naqilsiz qulaqlıqlar demək olar ki, bütün gözləntilərimizə cavab verir. Bu bazarda üstünlük təşkil edən ən yaxşı naqilsiz qulaqlıqlar hansılardır?
Smartfon bazarının ən yaxşı səs sistemləri istehsal edən markalardan tutmuş, ən adilərinə qədər hər növ büdcəyə uyğun naqilsiz qulaqlıqlarının siyahısı haqqında məlumatla tanış ola bilərsiniz.
Apple AirPods
Naqilsiz qulaqlıqlar dedikdə, ağlımıza ilk gələn “Apple”ın “AirPods”ları olur. Simsiz qulaqlıq parlaq qutusu ilə asanlıqla enerji yığır. “AirPods” bir enerji yığmaqla 5 saata qədər dinləmə müddəti və 1-3 saat aralığında danışıq vaxtı təklif edir. Bu, olduqca yaxşı bir rəqəmdir. Asan enerji doldurma ilə “Apple Airpods” istifadəçilərə, qutuda cəmi 15 dəqiqə qalmaqla əlavə 3 saat dinləmə imkanı verir.
“Airpods”un ən vacib xüsusiyyəti “Apple” məhsulları ilə asan əlaqə qurmaqla yanaşı, qulaqdan çıxarıldıqda avtomatik olaraq özünü dayandırmasıdır ki, bu da süni intellekt sensorları sayəsində mümkün olur. Bu qulaqlıqların qiyməti təxmini 370 manatdır.
Marshall Minor II
Səs sistemləri və dinamikləri ilə özünə bir ad çıxarmış məşhur İngilis şirkəti “Marshall” “AirPods”dan sonra ən çox satılan qulaqlıqlar siyahısındadır. “Marshall” adına daha çox naqilli qulaqlıqlarda rast gəlsək də, eyni keyfiyyəti naqilsiz qulaqlıqlarda da görürük.
Bluetooth 5.0 aptX texnologiyası ilə təchiz edilmiş “Minor 2” parlaq və təntənəli görünüşündən əlavə “Bluetooth” vasitəsilə qulaqlıqdan 30 metr məsafədəki hər hansı bir cihazdan musiqi səsləndirməyə imkan verir. Batareyanın ömrü 12 saata qədər olan qulaqlıq 20 dəqiqəlik enerji yığma xüsusiyyətinə sahibdir. Bu xüsusiyyət 2 saata qədər fasiləsiz musiqi dinləməyə imkan verir. Qulaqlıqların qiyməti 300 manatdır.
Samsung Galaxy Buds
“Apple AirPods”un rəqibi olan “Galaxy Buds” qulaqlıqları Android əməliyyat sistemli cihazlarda olduqca məşhurdur. Android dediyimizə baxmayın, çünki “AirPods”dan fərqli olaraq, “Galaxy Buds” “iPhone” ilə də rahat işləyir. “SmartThings” texnologiyası ilə cihazlara sürətli bir şəkildə bağlanan qulaqlıqlar dəbli və sadə dizaynı ilə diqqət cəlb edir. Yenə də, “AirPods” kimi asanlıqla və etibarlı şəkildə ilə enerji yığır. Kompakt dizaynlı “Galaxy Buds”ın qara, sarı və ağ rəng seçimləri mövcuddur. Qulaqlıqların qiyməti təxminən 220 manatdır.
Jabra Elite 25E
Daha bir naqilsiz qulaqlıq “Jabra Elite 25E” bir çox marka ilə müqayisədə münasib qiymətə sahibdir. Təxminən 110 manat məbləğində qiyməti olan qulaqlıq 17 saat ərzində alıcılarına istifadə imkanı verir. Qulaqlıq USB naqili ilə bərabər təqdim olunur. Sağ və sol başlıqları kiçik bir kabel bağlantısı ilə birləşdirilən qulaqlıq qara rəngdədir. Təəssüf ki, qulaqlıqlar suya davamlı deyil.
SONY WI C310
Dövrün ən yaxşı musiqi dəstəkləyən cib telefonlarını istehsal edən “Sony” qulaqlıq və dinamiklər mövzusunda da həddindən artıq iddialıdır. “Sony WI C310” naqilli və naqilsiz qulaqlıqları yaxşı işləmə qabiliyyətinə sahib olmaqla yanaşı, həm də münasib qiyməti ilə istifadəçilərin dostudur. 15 saatlıq batareya ömrü təklif edən qulaqlıq 3 saata tam doldurulur. USB kabel ilə enerji yığan “Sony WI C310” fərqli rəng seçimləri ilə və 75 manatlıq münasib qiyməti ilə də alıcıların zövqünü oxşayır.
Ted.az