Ən əsası ehtiyyatlı olmaqdır - Ceyhun Qubatov | Banco.az

Ən əsası ehtiyyatlı olmaqdır - Ceyhun Qubatov

Müsahibimiz: Sığorta sahəsi üzrə müstəqil ekspert Ceyhun Qubatov

Ceyhun bəy, biznesin sığortası dedikdə nə başa düşməliyik, biznesi hansı hallardan (risklərdən) sığortalamaq olar?

Biznesin sığortası kimi adətən biznesdə gəlir itkisindən sığorta nəzərdə tutulur.

Bu o deməkdir ki, hər hansı bir bizneslə məşğul olan şəxsin gəlirlərinin azalması zamanı dəyən zərəri sığorta şirkəti qarşılayır.  Geniş desək  kommersiya fəaliyyətinin qismən və ya tamamilə dayandırılması və yaxud istehsalın zəifləməsinə görə meydana gələn gəlir itkilərinə, sığortaçı tərəfindən sığorta şəhadətnaməsində göstərilən sığorta məbləği həddində təminat verilir.

Biznesi gəlirin azalmasından, itkisindən, istehsalın dayanmasından, fəaliyyətin dayanmasından və sair hallardan sığortalamaq olar.

Beynəlxalq praktika ilə yerli bazar (və ya qanunvericilik) bu cəhətdən nə ilə fərqlənir?

Bir çox xarici ölkələrdə sığorta formalaşmış bir sistemdir. Həmçinin biznes mühiti daha çox inkişaf edib. Rəqabət də, daha güclüdür. Üstəgəl sığortaya inam və sığorta savadlılığı. Bütün bunların hesabına xaricdə biznesin sığortası daha çox inkişaf etmişdir.

Azərbaycanda isə bu sahəyə bir çox amillər təsir edir: yerli bazar qaydaları, sığortadan məlumatsızlıq,   sığorta siyasəti. Sonuncusu bu sahənin inkişafına müsbət təsirlərini verməkdədir. İkincisi isə biz- sığorta professionallarının üzərinə düşür. İnsanların sığorta barədə məlumatını artırmalıyıq. Çünki bu bazarın inkişafına səbəb olur. Yerli bazar qaydaları isə biznes mühiti inkişaf etdikcə dəyişəcəkdir. Nəticədə biznesdə gəlir itkisindən sığortalanmanın bazarda payı artacaqdır.

Biz tez-tez mediadan izləyirik ki, müxtəlif ticarət mərkəzlərində yanğın və s halları olanda həmin obyektin sahibləri ciddi narahatlıq keçirir, iflas olur və ya borclar ilə yüklənir.  Bu tip vəziyyətlərdən necə qorunmaq olar?

Ən sərfəli kredit üçün müraciət et

Şübhəsiz ki, ən əsası ehtiyyatlı olmaqdır.

 Bəlkə sığortaçıdan belə cavab gəlməməlidir. Amma elə hallar ola bilər ki, sığorta təminatına aid olmasın. Digər hallarda isə əlbəttə sığorta var. Sadəcə düzgün qərar verib itkilərdən qorunmaq lazımdır. Bunun üçün isə müəyyən addımlar var.

Bu haqda bir dəfə də soruşmuşdular. Sahibkarlar üçün sığorta sahəsində beş faydalı məsləhət adlandırıram bunu:

  • Bir: İcbari əmlak sığortası alın.
  • İki: Əmlakı yanğından və digər risklərdən sığortalayın
  • Üç: Biznesdə gəlir itkisindən sığortalanın.
  • Dörd: Çoxlu qiymət təklifi alın.
  • Beş: Peşəkarlara etibar edin. 

Biznesin sığortası ilə bağlı bazarda tariflər necə dəyişir və ümumiyyətlə statistika bu haqda nə deyir?

Biznes sahələri müxtəlif olduğundan hər sahə üzrə risklər dəyişir. Eyni zamanda da sığorta haqqı da dəyişir. Odur ki, birmənalı olaraq rəqəm deməkdən çəkinərdim. Bir məqamı qeyd etmək istərdim. Rəsmi rəqəmlərdə işin dayanması ilə bağlı risklərdən sığorta adlı bir hissə var. 2014-cü ilin yanvar-avqust ayları üzrə yığılmış sığorta haqqı 11 354,72 manatdır. Ödənişlər hissəsi isə sıfır manatdır. Bu cari ilin yanvar-avqust ayları üzrə rəsmi rəqəmdir. Bu tip rəqəmlər və sığorta bazarına dair müşahidələrim onu deməyə əsas verir ki, sığortanın hər bir sahəsində olduğu kimi bu sahədə də, xeyli işlərə və inkişafa ehtiyac var. 

Ən sərfəli krediti almaq üçün müraciət et