Ən çox yayılan 9 sığorta fırıldağı | Banco.az

Ən çox yayılan 9 sığorta fırıldağı

Oğurlanmış avtomobil

Oğurlanmış avtomobillərlə bağlı sığorta cinayətlərinin iki növü vardır. Birinci halda, avtomobil sahibi öz maşınını avtomobil hissələrinin satışı ilə məşğul olan bir şirkətə satır və sonra sığorta şirkətinə avtomobilinin oğurlandığını bildirir. Adətən bu şirkət qeyri leqal fəaliyyət göstərir və həqiqətən də oğurlanmış avtomobillərin parçalara ayrılması ilə məşğul olur. Ona görə də alqı-satqı ilə bağlı qeydiyyat aparılmır, nə də lazımı orqanlar bu barədə məlumat almır.

İkinci və daha çox yayılmış hal isə, avtomobili xarıci ölkədən olan alıcıya satmaqdır, bu zaman tranş heç bir sənədləşmə olmadan aparılır, avtomobil xaricə göndərilir və sonra oğurlandığı iddia edilir.

Avtomobil qəzası

Növbəti dəfə avtomobil qəzası görərkən, bəlkə də siz hazırlanmış sığorta cinayətinin şahidi olursunuz. Bəzən bu cinayətin iştirakçısı yalnız sürücü və zərərçəkən olur. Bəzən isə təhqiqatçılar, hətta sığortalayan tərəf də cinayətin iştirakçısı olur, avtomobilə dəyən zərərin və kompensasiya məbləğinin həcmi süni şəkildə şirirdilir. Ayrılan məbləğ isə hər iki avtomobil üçün nəzərdə tutulur.

Avtomobil zədələri

Istənilən növ sığorta fırıldağı cinayət əməlidir və sığorta şirkətinə zərər vurur. Bəzən insanlar hətta xırda avtomobil qəzaları ilə bağlı da şikayət edir, zərərin dəyəri hesablanır, sığorta ödənişi əldə edilir, amma avtomobil sonradan təmirə verilmir. Bu tip hadəsilər çox tez-tez baş verir və geniş yayılıb. Bunu edən insanlar bəzən özlərində heç bir günah görmür və ümumiyyətlə etdiyi əməlin fəsadlarının fərqində olmur. Lakin nəzərə alın ki, sığorta şirkətinin ödənişləri başqa sığortalanan şəxslərin ödədiyi haqqlardan formalaşır və bu kimi hadisələr təkrarlandıqca sığorta haqqları da yüksəlir.

Sağlamlıq sığortası fırıldaqları

Təəssüf ki, bəzən səhiyyə sistemi əməkdaşları özləri bu fırıldaqların iştirakçısına çevrilir. Ən böyük yayılmış formalardan biri sığorta işçilərinin standart prosedurlara görə, daha böyük məbləğli qəbz yazmasıdır və ya ümumiyyətlə göstərilməmiş xidmət müqabilində sığorta şirkətindən pul alınmasıdır.

Məsələn, siz adi check-up üçün həkimə gedirsiniz, həkim isə iş yerində cərrahi müdaxilə ilə bağlı sizin sığorta şirkətinizə çek yazır, hansı ki heç olmayıb. Bu zaman xəstə özü də fırıldağın qurbanı olur və heç nədən xəbəri olmur.

Lazımsız tibbi müəyinələr

Sizə elə gəlir ki, sizin həkiminiz sizi lazımsız müayinələrə göndərir, ola bilsin ki, siz yeni sığorta fırıldağının qurbanısınız. Əgər siz qolunuzda ağrı ilə həkimə gedirsinizsə,həkim isə sizi əlaqəsiz görünən qan analizi və müayinələrə göndərirsə, ola bilsin ki bu sığorta fırıldağının bir hissəsidir.

Ən sərfəli kredit üçün müraciət et

Səhnələşdirilmiş ev yanğınları

Ev sahiblərinin bu tip fırıldaqları sığorta şirkətlərinə hər il on minlərlə manata başa gələ bilər.  Ən çox yayılmış ev fırıldaqlarından biri quruşdırılmış ev yanğınları və ya ev talanı (quldurluq) hadisələridir. Bunun da iki yolu vardır. Bəzən ev sahibləri öncədən evdən dəyərli əşyaları yığışıdırır və başqa yerdə gizlədir. Amma o,öncədən əmin olmalıdır ki, həmin əşyaların siyahısı və dəyəri şirkətə  məlumdur. Sonra evdə yalançı yanğın tərədir və ya evə quldurların basqın etdiyini və ya əşyaların oğurlandığını iddia edir. Əksər hallarda öncədən planlaşdırıldığı kimi hadisə zamanı ev sahibləri evdə olmur və harada olmaları ilə bağlı əllərində sübut olur. Evi yandırmaq və ya yalançı cinayət hadisəsini törətmək üçün muzdlu işçilər tutulur. Ev sahibi özünü tam zərərçəkən kimi qələmə verə bilir.

Təbiət hadisələri ilə bağlı fırıldaqlar

Ruhunda fırıldaqçılıq xisləti olan insanlar bundan ötrü heç bir şansı qaçırmazlar, belə hadisələrə zəlzələlər, sel-basqınları, dolu və ya qasırğalar da aiddir. Adətən bu halda ev sahibləri daha çox kompensasiya almaq üçün evə dəymiş zərəri bilərəkdən böyüdür və bundan ötrü evlərini zədələməkdən də çəkinmir. Və ya sığorta şirkətinin başının qarışıq olmasından istifadə edir və hətta təbiətin vurmuş olduğu heç bir zədə olmasa belə şirkətə zəng edərək iddia qaldırır.

Saxtalaşdırılmış ölüm

Zənnimcə Azərbaycanda çox geniş yayılmasa da dünyada bu növ sığorta fırıldaqları olduqca məşhurdur, hətta o qədər məşhurdur ki, bir çox filmlərin və televiziya şoularının mövzusuna çevrilib. Cinayəti törətmək istəyən şəxs öncə öz həyatını sığortalayır və onun başına bir iş gəldikdə, benefisiarın  kim olduğunu bəlirləyir, yəni öz varisini seçir. Bir neçə müddət ərzində sığorta haqqlarını ödəyir və ondan sonra sığortalı öz ölümünü saxtalaşdırır və misal üçün onun xanımı, onun ölümündən sonra sığorta ödənişini qəbul edir və hətta yalançı dəfn mərasimi də baş tutur. Müəyyən müddət sonra isə xanımın da qəflətən yoxa çıxdığının şahidi oluruq.

Ev kirayəsi fırıldaqları

Mənzilini və ya evlərini kirayə verən insanlar adətən əşyalarına dəyə biləcək ziyandan qorunmaq üçün ucuz icarə sığortalarından istifadə edir. Lakin maddi vəziyyət dəyişəndə, onlar evdən bəzi əşyaları çıxararaq satır və daha sonra isə onların müvəqqəti ev sahibləri tərəfindən mənimsəndiyini və ya götürüldüyünü iddia edib, sığorta hadisəsi üçün müraciət edir.

Sığorta hadisələri hamımızın həyatına bu və ya digər dərəcədə təsir edir və sığorta haqqlarının artmasına gətirib çıxarır. Məhz bunun nəticəsində gerçək sığorta hadisələri zamanı əsl zərərçəkənlər uzun bürokratik prosedurlar ilə üzləşməli olur. Növbəti yazımızda, sığortaçıların fırıldaqlarına da yer ayıracağıq.

Banco.az, Könül Soltanova