Ən böyük 7 ticarət bicliyi | Banco.az

Ən böyük 7 ticarət bicliyi

Mağazadan dönən halınızı yadınıza salın. Əllərinizdə dolu paketlər, qəlbinizdə lazım olanı aldığınıza dərin inam, üzünüzdə xoşbəxt ifadə. Kaş ki, belə olaydı!

Təcrübədə alıcıların davranışı (həmçinin, Sizin də) böyük market sahiblərinin həmişə diqqət mərkəzində olub. Sahibkarlar mağazada alıcıların özlərini necə aparmalarını az qala mikroskopla öyrənirlər ki, onları əlidolu yola salmağa, istəmədiklərini almağa məcbur etməyin yollarını mənimsəsinlər. Bunun üçün onlar nələrə əl atmırlar ki… Gəlin, hər şeyə təfsilatı ilə nəzər salaq.

1. BÖYÜK ARABA BÖYÜK DƏ XƏRC DEMƏKDİR

Fikir vermisinizsə, supermarketlərin girişinə həmişə böyük arabalar yığırlar. İlk baxışdan belə görünür ki, bu alıcıların rahatlığı üçündür. Aldığını arabada daşımaq əlində kassaya aparmaqdan daha rahatdır. Ancaq bu da bir satıcı bicliyidir. Psixoloji baxımdan arabadakı boş yer alıcıda daxili narahatlıq yaradır və o, boşluğu nəyləsə doldurmağa tələsir. «Arabasevər» supermarket sahibləri məhz buna ümid edirlər. Çörək və süd dalınca supermarketə gələn alıcı ordan planlaşdırmadığı mallarla dolu araba ilə çıxmağa məcbur olur

Məsləhət: Böyük arabadansa kiçik zənbil götürün ki, artıq şey almaqdan nəfsinizi saxlaya biləsiniz. Əgər süd, yoğurt və ya çörək dalınca gəlmisinizsə, onda heç zənbil də götürməyə ehtiyac yoxdur.


2. ÜÇÜ 2 MANATA, BİRİ 80 QƏPİK

«Ancaq bizdə! Şok endirim: üç poliver cəmi 58 manata!». Yəqin ki, mağazalarda heç nədən alıcı ajiotajı yaradan belə kampaniyaları çox görmüsünüz. Bir anlıq fikirləşin: əgər bir poliverin qiyməti 20 manatdırsa, üçünün qiymətinin 58 olması Sizə nə qazandıracaq, bunlar arasında riyazi fərq nə qədərdir. Ancaq onsuz da «endirim» sözünün sehri və yuvarlaq olmayan rəqəmin magik gücü öz işini görür və biz mağazadan 3 eyni poliverlə (bizə biri lazım olsa belə), ucuz və sərfəli alver etdiyimizə əminliklə çıxırıq. Əslində isə, biz boş yerə 38 manat xərcləyib, əvəzində 2 lazımsız mal almışıq.

Hətta bir malla bir neçə eyni malın arasında böyük fərq olsa belə, fikirləşin, Sizə mayonez və yaxud yoqurt kiloqramlamı lazımdır?

Məsləhət: Bir malın qiyməti ilə bir neçəsinin qiymətini müqayisə edin, ucuz olduğuna görə malı partiya ilə almağa tələsməyin, çünki lazımsız mallar almaqla pulunuzu boş yerə xərcləyirsiniz.

3. MALDAN QURULAN BARRİKADA

Kassaya gedən yolda alıcılar müxtəlif maneələrlə rastlaşırlar. Sözün birbaşa mənasında bu, belədir. Alıcıların rahatlığı adı altında kassaya gedən yolun kənarlarında qəsdən çox satılan malların böyük qutuları yerləşdirilir. Mağazada hərəkət edən alıcılar üzərilərində «Şok endirim! Hamısı 1 manata!» yazılan qutularla rastlaşırlar və çox təəssüf ki, nəfslərinə hakim ola bilmirlər. Qeyri-ixtiyari əllər dinc durmur nəyisə götürüb arabaya atır. O anda adamın «yadına düşür» ki, deyəsən evdə diş pastası qurtarıb, sabun azalıb, hələ bir buna bax, bu qiymətə belə gözəl qabyuyan süngər («moçalka»). Bax belə düşüncələr bizi lazımsız alışlara vadar edir. Əgər alıcıya lazım olmayan mal yolunun üzərində düzülürsə, o, impulsiv alışlar etməyə meylli olur.
Bu ideyanı «İkea» kimi nəhəng şirkət təkmil şəklə salıb. Şirkətin mağazaları elə qurulub ki, alıcı kassaya gedənə qədər bütün şöbələri gəzməyə məcbur olur və qeyri-ixtiyari o qədər də baha olmayan xırdavat – oyuncaq, bədən üçün gel, mətbəx dəsmalı alır. Beləliklə də, impulsiv və lazımsız alışların sayı artır.

Ən sərfəli kredit üçün müraciət et

Məsləhət: Supermarketlərdə işarələrə diqqət yetirin ki, ancaq Sizə lazım olan şöbələrə baş çəkəsiniz və kassaya gedən yolu mümkün qədər qısaldasınız.

4. TUNELİN SONUNDAKI PENDİR

Fikir vermisinizsə, supermarketlərdə gündəlik tələbat malları – süd, çörək, pendir – adətən, mağazanın uzaq küncündə yerləşdirilir. Məqsəd sadədir: bu məhsullar ucuz və hamıya lazım olduğundan onları uzaqda yerləşdirməklə alıcını müxtəlif mal çeşidlərinin əhatəsindən keçməyə məcbur edirlər ki, əlavə alışlara vadar olsun.

Məsləhət: Çipsi və bəzəkli konfet qutularından yan keçərək birbaşa pendirə istiqamətlənin, geri, kassaya qayıdanda da buna əməl edin.

5. BƏS, QOXU?!.

Supermarketdən həmişə gözəl qoxu gəlir. Bu, alıcıların iştahasını artırmaq üçündür. Marketdə asılmış cəlbedici reklamlar da buna xidmət edir. Zalın un məmulatları yerləşdirilən hissəsində qəsdən ventilyasiya sistemini zəif təşkil edirlər ki, bulkanın, çörəyin xoş ətri ac alıcıların iştahasını artırsın. Bu da lanlaşdırılmamış alış deməkdir.

Məsləhət: Supermarketə acqarına getməyin.

6. UŞAQLARLA ALIŞ-VERİŞƏ GETMƏYİN

Supermarketlər uşaqların diqqətini mallara cəlb etmək üçün onları asan görünən yerdə, parlaq, rəngli bağlamalarda yerləşdirirlər. Uşaqlar gözəl bağlamalardakı mallara valideynlərinin diqqətini yönəldirlər ki, bunu da impulsiv alışın başlanğıcı saymaq olar.

Məsləhət: Alış-verişə gedəndə uşaqları evdə qoyun. Yeri gəlmişkən, ən ağıllı və qənaətcil alıcı marketə dostları, valideynləri və ya uşaqları ilə birlikdə gedən yox, bu işi təkbaşına görəndir.

7. SONUNCU TƏHLÜKƏ

Bütün şirnikləndirici təkliflərdən yan keçib kassaya yaxınlaşanda güman etməyin ki, təhlükə arxada qaldı. Dərindən nəfəs almağa tələsməyin! Kassanın ətrafında konfet, saqqız, şokolad, qəzet və batareyalar alıcını yoldan çıxarmaq üçün necə deyərlər «sıraya düzülüb». Düzdür, bu malların kassanın yanında yerləşdirilməsi rahat olsa da, alıcını gərəksiz alışlara vadar edir.

Məsləhət: Əlinizi şokolada və ya siqaretə uzatmamışdan fikirləşin, bu mal Sizə çoxmu lazımdır?