“Bu ilin əvvəlindən vergi sahəsində çox mühüm islahatlar həyata keçirilib. Bu islahatların ən vacib məqsədi kölgə iqtisadiyyatına qarşı mübarizə aparılması, eyni zamanda vergi inzibatçılığının təkmilləşdirilməsi, həmçinin təsərrüfat subyektlərinin vergi yüklərinin əhəmiyyətli dərəcədə yüngülləşdirilməsi olub”.
Bunu Birinci vitse-prezidentin köməkçisi Emin Hüseynov deyib.
E.Hüseynovun sözlərinə görə, vergi sahəsində aparılan islahatlar öz nəticəsini verib:
“Artıq 6 ay ərzində olan nəticələr göz qabağındadır. Bu ilin ilk yarısında pərakəndə ticarət dövriyyəsində 35%-lik, iaşə dövriyyəsində 26%-lik artım müşahidə olunub. Aktiv əlavə dəyər vergisi (ƏDV) ödəyicilərinin sayı 40%-dək, aktiv obyektlərin sayı isə 14% artıb. Əmək müqavilələrinin sayında böyük artım var. İqtisadiyyat üzrə bu artım 110 minə, məhz qeyri-neft sektoru üzrə 77 minə çatır. Biz bu göstəriciləri təkcə kəmiyyət üzrə deyil, müəyyən tədiyyə göstəriciləri üzrə də görürük. Ölkədə həcminə görə ən böyük tədiyyə növu olan ƏDV və mənfəət vergisidir. Ölkədə ƏDV üzrə daxilolma 18%, mənfəət vergisi üzrə 30%, aksiz dərəcələri üzrə isə dövriyyə 4,8 dəfə artıb. Bütün bunların nəticəsində vergi daxilolmalarında, xüsusən də qeyri-neft sektorunda vergi daxilolmalarında proqnoza qarşı çox böyük müsbət nəticələr qeydə alınıb. Belə ki, vergi daxilolmaları proqnozu 8,8% üstələyib. Qeyri-neft sektorunda isə bu göstərici 14,3%-lik artımla proqnozu 12% üstələyib. Bu meylləri biz təkcə vergi daxilolmalarında deyil, məcburi sosial sığorta və işsizlikdən sığorta üzrə yığımlarda da müşahidə edirik”.
Report.az