Əməkdaşlar Kalanikin qayıtmasını istədi - "UBER"də ÜSYAN | Banco.az

Əməkdaşlar Kalanikin qayıtmasını istədi - "UBER"də ÜSYAN

"Uber”in əməkdaşları şirkətin qurucusu Trevis Kalanikin şirkətdən kənarlaşdırılmasına etiraz ediblər.

 “The New York Times”ın verdiyi məlumata görə, 1000-dən çox əməkdaş Direktorlar Şurasına ünvanlanmış petisiya imzalayıb. Petisiya sosial şəbəkələrdə şirkət əməkdaşları arasında yayılıb. Kampaniyanın təşəbbüskarlarından biri, məhsul üzrə menecer Maykl York bütün əməkdaşlara elektron məktub göndərərək onları Direktorlar Şurasına təzyiq göstərməyə çağırıb: “Heç kim ideal deyil. Lakin mən əminəm ki, Kalanik bizim ehtiyac duyduğumuz liderdir”.  

Petisiya müəlliflər bildirir ki, investorların təzyiqi ilə istefaya göndərilən T. Kalanikin şirkətin inkişafında böyük xidmətləri var: “O, gecə-gündüz çalışaraq şirkəti bu səviyyəyə gətirib”.

Mindən çox əməkdaşın imzasından sonra M. York Direktorlar Şurasına açıq müraciət göndərib. O, rəhbərliyi bu qədər işçinin rəyini inkar etməməyə çağırıb: “Uzun illər ərzində Trevislə birgə çalışmış insanlar kimi, biz qərardan ciddi məyus olmuşuq”.

Ən sərfəli kredit üçün müraciət et

Petisiya müəlliflərini şirkətin investorlarından biri Mud Rouhani də dəstəkləyib. Hələlik “Uber” məsələyə reaksiya verməyib.

Qeyd edək ki, iyunun 20-də “Uber” şirkətinin yaradıcısı və baş icraçı direktoru Trevis Kalanik vəzifəsindən istefaya getdiyini açıqlayıb. Qrar şirkətin iri sərmayədarlarının təzyiqi ilə qəbul edilib. Onlar T. Kalanikə məktub yazaraq onu istefaya çağırıblar. “Mən “Uber”i dünyada hər şeydən çox sevirəm və özüm üçün belə çətin məqamda investorların tələbini qəbul edirəm ki, “Uber” yola davam edə bilsin və növbəti münaqişəyə başı qarışmasın”, - deyə T. Kalanik açıqlamasında bildirib.

Son aylar ardıcıl olaraq “Uber” daxilində seksual xarakterli qalmaqallar yaşanıb.

T. Kalanik “Uber” mobil əlavəsini 2009-cu ildə Qarret Kemp ilə birlikdə yaradıb. Hazırda “Uber” taksi xidməti dünyanın 58 ölkəsində və 300-dən çox şəhərində fəaliyyət göstərir. Bu ilin martında “Forbes” Kalanikin sərvətini 6,3 milyard dollar həcmində qiymətləndirib. O, dünyanın ən zəngin insanları siyahısında 226-cı yerdədir.