“Dövlət Statistika Komitəsinin rəsmi məlumatına görə, bu gün iqtisadi fəal əhalinin sayı 4,6 milyon nəfərdən çoxdur. Bunun təxminən 1,5 milyon nəfəri muzdlu işçilərdir.
Başqa sözlə ifadə etsək, əmək münasibətləri qanunvericiliyin tələblərinə uyğun olaraq rəsmiləşdirilmiş işçilərdir.
1,6 milyon nəfər əhali kənd təsərrüfatı sahəsində çalışır. Deməli, təxminən elə bu qədər də insan fərdi sahibkarlıqla məşğul və ya özüməşğul əhalidir”.
Bunu baş nazirin müavini, Əmək Münasibətlərinin Tənzimlənməsinin Təkmilləşdirilməsi və Koordinasiyası Komissiyasının sədri Əli Əhmədov “Azərbaycan” qəzetinə müsahibəsində bildirib.
“Qeyd olunan sonuncu kateqoriyadan olan məşğul əhalinin əmək münasibətlərində bizi narahat edən bir sıra problemlər mövcuddur.
Onlar ya müvafiq dövlət orqanlarında əmək münasibətlərini rəsmiləşdirməyiblər, ya da digər formalarda nəticə etibarilə əmək münasibətlərinin rəsmiləşməsinə əngəl olan pozuntulara yol veriblər.
Beləliklə, əmək münasibətləri sahəsində bütün nöqsanların aradan qaldırılması, əmək qanunvericiliyinin tələblərinin yerinə yetirilməsi aktual vəzifəyə çevrilib”.
Mənbə: Apa.az