“Əmək haqqından kredit tutula bilərmi?” – ABA-nın Ekspert qrupu | Banco.az

“Əmək haqqından kredit tutula bilərmi?” – ABA-nın Ekspert qrupu

Bir müddətdir mətbuatda yer alan “Əmək haqqından kredit tutula bilərmi?” sualına müxtəlif fikirlər yönəldildi. Bəziləri bu halın qanunsuz olduğu barədə idialar irəli sürdülər. Azərbaycan Banklar Assosiasiyasının Hüquqi məsələlər üzrə Ekspert Qrupu BBN.az saytının sorğusuna verdikləri açıqlamada bu suala tam aydınlıq gətiriblər.

Məsələni tam şəkildə açıqlamaq üçün diqqətinizi bir neçə məsələyə yönəltmək istərdik.

Bank hesabı və ya kredit müqaviləsinə uyğun olaraq bank özünün kredit müştərisi olan şəxsin bu və ya digər hesabından borc məbləğini akseptsiz qaydada silə bilər. Bu qayda həmçinin ödəniş tələbnamə tapşırığı qaydasında da kredit alanın başqa bankda olan hesabları üzrə də tətbiq oluna bilər. Bank hesabının rejimi bank və ya kredit müqaviləsi ilə tənzimlənir.

Mülki Məcəllənin 954.1-ci maddəsinə görə “Bank hesabı müqaviləsinə görə bank müştəriyə (hesabın sahibinə) açılmış hesaba daxil olan pul vəsaitini qəbul etməyi və hesaba salmağı, hesabdan müvafiq məbləğlərin köçürülməsinə və verilməsinə, hesab üzrə digər əməliyyatların aparılmasına dair müştərinin sərəncamlarını yerinə yetirməyi öhdəsinə götürür”. Həmin Məcəllənin 964.1-ci maddəsinə görə “Hesabdan pul vəsaitinin silinməsini bank müştərinin sərəncamına əsasən həyata keçirir”.

Ən sərfəli kredit üçün müraciət et

Həmin Məcəllənin 964.2-ci maddəsinə görə “Müştərinin sərəncamı olmadan hesabdakı pul vəsaitinin silinməsinə məhkəmənin qərarı ilə, habelə qanunla müəyyənləşdirilmiş və ya bankla müştəri arasında müqavilədə nəzərdə tutulmuş hallarda yol verilir”.

Eyni zamanda bu və ya digər hallardan çıxış edərək müqavilənin notariat qaydada təsdiq edilməsinə dair qanuni tələb və ya ehtiyac da yoxdur.

Müştəri müqavilədə hesaba dair sərəncam verdiyi üçün kassa mədaxil orderinə ehtiyac qalmır. Yəni bu hal üçün kassa sənədinin (ödəniş nağdsız qaydada aparıldığı üçün) tərtibinə ehtiyac yoxdur. Digər hallarda isə Mərkəzi Bankın qaydalarına uyğun olaraq kassa sənədlərinin tərtib edilməsi tələbi vardır. Müştəri hesabına nəzarət etmək üçün hesabından çıxarış ala bununla da vəsaitinin hansı məbləğdə və hansı hesaba köçürülməsi barədə məlumat ala bilər.