Əmək haqqı və pensiyalar nə vaxt artırılacaq? | Banco.az

Əmək haqqı və pensiyalar nə vaxt artırılacaq?

Müəllif:Gülbəniz Hüseynli/Banco.az

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov son günlər aktual mövzusu olan büdcə müzakirələri barədə danışıb.

2024-cü ilin dövlət büdcəsində neftin qiymətinin 60 dollardan götürüldüyünü xatırladan Vahid Əhmədov bildirib ki, büdcəyə yenidən baxılsa, bu rəqəm dəyişə bilər:

"Büdcə daxilolmalarının artıq olması təkcə neftin payına düşmür. Digər sahələrdən gəlirlər nəzərdə tutulandan da yüksək ola bilər. Dediyim kimi, sənəd Milli Məclisə daxil olduqda, bu barədə dəqiq məlumat verə bilərik".

Məsələ barədə Banco.az-a açıqlama verən iqtisadçı Eldəniz Əmirov bildirib ki,  hazırda gedən müzakirələr bilavasitə 2025-ci ilə fokuslanmış müzakirələrdir:

“Həm həm əmək pensiyalarının, həm minimum əmək haqqının, həm digər ödənişlərdə olan artımların gözlənilməsi bilavasitə hesab edirəm ki, 2025-ci  ilə təsadüf edəcəkdir. Mən bütün hallarda  hansısa bir artımın olacağını gözləmirəm.

Hesab edirəm ki, büdcəyə iyul- avqust aylarında baxıla bilər. Bu müzakirələr zamanı isə daha çox milli təhlükəsizlik, hərbi, o cümlədən də işğaldan azad olunmuş ərazilərimizdə yenidənqurma və bərpa işlərinə görə aparılan  xərclərin artırılması daha çox üstünlük təşkil edəcək".

İqtisadçı Rəşad Həsənov Banco.az-a bildirib ki, 2025-ci ildə sosial müavinətlərə, təqaüdlərə yenidən baxılacaq, minimum əmək haqqı artırılacaq:

“2023-cü ildə inflyasiyanın təxminən doqquz faiz səviyyəsində olması 2024-cü il üçün çox böyük çağırışlar yaratdı. Amma hələlik bu istiqamətdə addımların atılması müzakirə mövzusu deyil. Hər il qanunvericiliyin tələblərinə uyğun olaraq pensiyalar indeksləşdirilir. Minimum pensiyanın həddinin artırılması ehtimalı isə 2025-ci il üçün daha yüksəkdir”.

Ən sərfəli kredit üçün müraciət et

Millət vəkili, iqtisadçı Vüqar Bayramov isə qeyd edib ki, minimum əmək haqqı sonuncu dəfə 2023-cü ilin yanvar ayında artırılaraq 345 manat olub. Bütövlükdə, son 5 ildə minimum əmək haqqı 2.7 dəfə artırılıb. Millət vəkili düşünür ki,  minimum əmək haqqında yeni artım zamanı iki meyardan istifadə oluna bilər:

“Bu ötən müddətdə qeydə alınan inflyasiya səviyyəsi və ya həmin dövrdə nominal orta aylıq əmək haqqındakı artım faizi. 2023-cü ildə inflyasiya səviyyəsi 8.8, orta aylıq əmək haqqındakı artım faizi 11.3 faiz olub. Bununla yanaşı, 2024-cü ildə də həm qiymət artımları, həm də nominal orta aylıq əmək haqqının dəyişməsi qeydə alınıb. Bu baxımdan, kumulativ baxıldıqda söhbət daha yüksək rəqəmlərdən getməlidir. Bu o deməkdir ki, 2023 və 2024-cü illər üzrə meyarların orta cəmi nəzərə alınmaqla minimum əmək haqqında daha yüksək artım reallaşa bilər. Yəni, bu halda söhbət iki rəqəmli artımdan gedir. Təbii ki, daha dəqiq rəqəm rəsmi təkliflər təqdim olunduqdan sonra bəlli olacaq. Bununla belə, minimum əmək haqqındakı artımın 700 mindən çox vətəndaşımızı əhatə edəcəyini nəzərə alsaq artım faizinin əhəmiyyətini təsəvvür etmək çətin olmaz”.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

 

Ən sərfəli krediti almaq üçün müraciət et