2025-ci ildə 4 023 müəssisə "Daşınmaz dövlət əmlakının qeydiyyat vərəqəsi"nə dair elektron qaydada hesabat təqdim edib.
Bu barədə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX) xəbər verir.
Məlumata görə, Dövlət əmlakının Registrindən dövlət əmlakının balansdan-balansa verilməsi, özəlləşdirmə, icarə və digər məqsədlər üçün 7000 dövlət əmlakına dair çıxarış sənədi hazırlanaraq verilib.
Dövlətə məxsus idarə, müəssisə və təşkilatlardan dövlət əmlakının qorunub saxlanılması və ondan istifadə edilməsi vəziyyəti haqqında ümumilikdə 4466 hesabat qəbul edilib. Dövlət əmlakının idarə edilməsi funksiyalarının icrası ilə bağlı aidiyyəti dövlət orqanları və təşkilatlarının müraciətləri əsasında 4 dövlət müəssisəsinin nizamnaməsinə dəyişikliklər təsdiq edilib, 2 dövlət müəssisəsi hüquqi şəxs kimi ləğv edilib, həmçinin ümumilikdə 208 dövlət müəssisəsi ilə bağlı bir sıra məsələlərə (hüquqi şəxsin təsis edilməsi, ləğvi, yenidən təşkili,
Nizamnaməsinə dəyişikliklərin edilməsi, tabeçiliyinin dəyişdirilməsi, habelə təlim-tərbiyə müəssisələrinin yaradılması, yenidən təşkili və ləğvi ilə bağlı) və aidiyyəti qurumların təqdim etdiyi 105 normativ və qeyri-normativ layihə və sənədə baxılaraq müvafiq rəy və təkliflər təqdim edilib.
Dövlət Xidmətinin sərəncamında olan və nizamnamə kapitalında dövlətin payı olan 67 səhmdar cəmiyyəti və 67 dövlət müəssisəsində dövlət əmlakının, o cümlədən istifadələrində olan torpaq sahələrinin qorunub saxlanılması və səmərəli istifadə olunması vəziyyətinin öyrənilməsi ilə bağlı mütəmadi monitorinqlər keçirilib, onların nəticələrinə dair yerlərdə tərtib edilmiş 1 042 arayış və baxış aktı təhlil edilərək qanunvericiliyə uyğun tədbirlərin görülməsi təmin edilib.
