Layihə
Əmanətlərin tam sığortalanması haqqında
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 27-ci bəndini rəhbər tutaraq qərara alır:
Maddə 1. Qanunun məqsədi
Bu Qanunun məqsədi qlobal iqtisadiyyatda baş verən proseslər fonunda ölkədə maliyyə sabitliyini qorumaq, bank sisteminin dayanıqlığını təmin etmək, əmanətçilərin bank sisteminə etibarını gücləndirməkdir.
Maddə 2. İstifadə olunan anlayışlar
Bu Qanunda istifadə olunan anlayışlar "Əmanətlərin sığortalanması haqqında" Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş mənaları ifadə edir.
Maddə 3. Qorunan əmanətçinin qorunan əmanətinin tam sığortalanması
Bu Qanun qüvvəyə mindiyi gündən etibarən faizləri "Əmanətlərin sığortalanması haqqında" Azərbaycan Respublikası Qanununun 8.1.20-ci maddəsinə müvafiq olaraq Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurası tərəfindən əmanətlər üzrə müəyyən edilmiş illik faiz dərəcəsi həddində olan bütün qorunan əmanətlər məbləğindən asılı olmayaraq bank fəaliyyətinin həyata keçirilməsi üçün xüsusi razılığa (lisenziyaya) malik olan Fondun iştirakçı bankları tərəfindən 3 (üç) il müddətində tam sığortalanır.
Maddə 4. Qorunan əmanətçilərin əmanətləri
4.1. Bu Qanunun qüvvəyə mindiyi günə bank fəaliyyətinin həyata keçirilməsi üçün xüsusi razılığa (lisenziyaya) malik olan banklarda mövcud olan qorunan əmanətçilərin əmanətləri üzrə illik faiz dərəcələri Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasının müəyyən etdiyi illik faiz dərəcəsi həddindən yuxarı olduqda, həmin əmanətçilər əmanətləri üzrə tam sığorta təminatı əldə etmək istədikdə, onların müraciəti əsasında müddəti qurtarmamış əmanət müqavilələrində, bu Qanunun 3-cü maddəsinə uyğun olaraq, müvafiq dəyişikliklər edilməlidir.
4.2. Bu Qanunun 4.1-ci maddəsinə müvafiq olaraq müddəti qurtarmamış əmanət müqavilələrində dəyişikliklər edildikdə, dəyişikliklər edildiyi günə qüvvədə olan müqavilənin şərtlərinə uyğun olaraq faizlər tam məbləğdə hesablanıb ödənilir.
Maddə 5. Kompensasiyalar
Əmanətlərin Sığortalanması Fondunun iştirakçı banklarında sığorta hadisəsi baş verdikdə bu Qanuna uyğun olaraq sığortalanmamış əmanətlər üzrə kompensasiyalar "Əmanətlərin sığortalanması haqqında" Azərbaycan Respublikasının Qanununa müvafiq qaydada ödənilir.
Maddə 6. Yekun müddəalar
6.1. Əmanətçilərin Əmanətlərin Sığortalanması Fondu və iştirakçı banklarla münasibəti, habelə bu Qanuna uyğun olaraq tam sığortalanmış əmanətlər üzrə kompensasiya ödənişi, həmçinin içtimaiyyətin məlumatlandırılması məsələləri "Əmanətlərin sığortalanması haqqında" Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.
6.2. Bu Qanuna əsasən tam sığortalanmış əmanətlər üzrə kompensasiya məsələləri bu Qanunun 3-cü maddəsində nəzərdə tutulmuş müddət bitdikdən sonra "Əmanətlərin sığortalanması haqqında" Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinə əsasən tənzimlənir.
Azərbaycan Respublikasının Prezidenti