Əmanətlərin sığortalanması mexanizmi necə işləyir? | Banco.az

Əmanətlərin sığortalanması mexanizmi necə işləyir?

Pulunu banka etibar edən hər bir müştəri öz əmanətinin gələcək taleyi ilə maraqlanmalı, hər hansı bir hadisə baş verdikdə pulların ona geri qayıtma ehtimalını ölçüb-biçməlidir.

Banka yerləşdirilən əmanətlər ADİF (Əmanətlərin Sığortalanması Fondu) tərəfindən sığortalanır, bir şərtlə ki, yerləşdirilmiş əmanətin həcmi və ona görə hesablanmış faizlər 30 min manatı üstələməsin, həmçinin depoziti yerləşdirmə faizi illik 9%-dən yüksək olmasın.

Əmanətlərin sığortalanması nə deməkdir?

Əmanətlərin sığortalanması – insanların bank hesablarında saxladığı pulların, yığım və əmanətlərin qorunmasını təşkil etmək üçün xüsusi bir mexanizmdir. Əgər maliyyə təşkilatı onu etibar edilmiş pulları geri qaytarmaq iqtidarında olmazsa, onda bu pulları əmanətçiyə ADİF geri qaytarır.

Hazırda ölkə ərazisində fəaliyyət göstərən 43 bankdan hər biri ADİF-in üzvüdür, deməli əmanəti yerləşdirmək üçün bank seçimində azadsınız.  

Əmanətlər necə sığortalanır?

Əmanətlərin sığortalanması sistemi olduqca sadə işləyir. Siz öz pulunu banka gətirir, hesab açaraq əmanət yerləşdirirsiniz. Bu kifayət edir, sığorta ilə bağlı heç bir əlavə sənəd hazırlamalı və imzalamalı deyilsiniz. Bu artıq bankın öz işidir. Bank rüblük olaraq ADİF-ə əmanətlərin sığortalanması üçün təqvim haqqı ödəyir.

Təqvim haqqı “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 13.4-cü maddəsinə uyğun olaraq 2008-ci ilin 3-cü rübünədək qorunmayan əmanətlər və qorunmayan əmanətçilərin əmanətləri istisna olmaqla, fiziki şəxs olan əmanətçilərin hesablarındakı vəsaitlərin orta günlük qalıq məbləğinin 0,15 faiz, 2008-ci ilin 3-cü rübündən başlayaraq 0,125 faiz dərəcəsi ilə hesablanır.

Yəni Bank hesabında olan və qorunan əmanətlərin 0,125%-i həcmində rüblük olaraq sığorta haqqı ödəyir.

Təqvim haqları iştirakçı banklar tərəfindən hər rüb qurtardıqdan sonra 10 təqvim günü ərzində Fonda ödənilir.

Ən sərfəli kredit üçün müraciət et

Növbəti diqqət yetirməli olduğunuz məqam əmanəti hansı məbləğdə və hansı faizlərlə yerləşdirməkdir. Bəs hansı əmanətlər sığortalanır?

Sığortalanmış əmanət -  (bank hesabında olan vəsaitin) elə bir hissəsidir ki, əmanətçiyə xidmət göstərən iştirakçı bankda sığorta hadisəsi baş verdikdə “Əmanətlərin sığortalanması haqqında” Qanunla müəyyən edilmiş məbləğdə Fond tərəfindən kompensasiya olunur.

Əmanətçiyə ödənilən kompensasiyanın məbləği nə qədərdir?

Fond tərəfindən hər bir iştirakçı bankda sığortalanmış əmanət üzrə əmanətin 100 faizi həcmində, lakin 30 (otuz) min manatdan çox olmamaq şərtilə kompensasiya ödənilir.

Əmanətlər üzrə faizlər hansı məbləğdə ödənilir?

Əmanətlər üzrə faizlər sığorta hadisəsinin baş verdiyi günə qədər hesablanmış məbləğdə ödənilir, bu şərtlə ki, əmanətin məbləği və faizlər yuxarıda göstərilən kompensasiya məbləğindən artıq olmasın.

Sığorta hadisəsi baş verdikdə kompensasiya hansı valyutalarda ödənilir?

Sığorta hadisəsi baş verdikdə kompensasiya:

- milli valyutada olan əmanətlərə - manatda;
- həm milli, həm də xarici valyutada olan əmanətlər - bir əmanət kimi manatla
- ABŞ dolları və avroda olan əmanətlərə - həmin valyutalarda;
- digər valyutalarda olan əmanətlərə - sığorta hadisəsi baş verən günə Mərkəzi Bankın rəsmi məzənnəsinə əsasən çarpaz məzənnə ilə hesblanmış ABŞ dolları və ya avroda.

Sığorta hadisəsi nədir?

 İştirakçı bankın məcburi ləğv edilməsi və ya müflis elan olunması, yaxud qanunvericiliyə müvafiq olaraq əmanətlər üzrə öhdəliklərin yerinə yetirilməsinə moratorium tətbiq edilməsi barədə məhkəmə qərarlarının qüvvəyə minməsi və bankın əmanətçilər qarşısında öz öhdəliklərini qanun və ya müqavilə şərtlərinə uyğun yerinə yetirə bilməməsi faktının Mərkəzi Bank tərəfindən təsdiq edilməsidir.

Könül Soltanova /Banco.az 

Ən sərfəli krediti almaq üçün müraciət et