Əmanətlərin sığortalanması mexanizmi dəyişə bilər | Banco.az

Əmanətlərin sığortalanması mexanizmi dəyişə bilər

Banklar risk dərəcəsinə görə, müxtəlif qruplara bölünəcək

Banklarda olan əmanətlərin sığortalanması mexanizmi dəyişə bilər.

Banco.az portalının ANS TV-yə istinadən verdiyi məlumata görə, əmanətlərin sığortalanması fondunun (ADİF) icraçı direktoru Azad Cavadov bildirib ki, diferensial sığortalanma mexanizmi üzərində iş gedir.

Əgər bu sistem qəbul olunsa, banklar risk dərəcəsinə görə, müxtəlif qruplara bölünəcək. Buna uyğun onlara reytinq veriləcək. Yüksək reytinqə malik banklar fonda daha az sığorta haqqı ödəyəcək, əksinə reytinqi aşağı, riski böyük olanlar yüksək sığorta haqqı ödəməli olacaqlar.

Bu zaman faizindən asılı olmayaraq bütün əmanətlər sığortalana bilər. Hazırda yalnız 30 min manata qədər və maksimum 12%-lə olan əmanətlər sığortalanır.

Əmanətlərin sığortalanması – insanların bank hesablarında saxladığı pulların, yığım və əmanətlərin qorunmasını təşkil etmək üçün xüsusi bir mexanizmdir. Əgər maliyyə təşkilatı onu etibar edilmiş pulları geri qaytarmaq iqtidarında olmazsa, onda bu pulları əmanətçiyə ADİF geri qaytarır.

Ən sərfəli kredit üçün müraciət et

Əmanətlər necə sığortalanır?

Əmanətlərin sığortalanması sistemi olduqca sadə işləyir. Siz öz pulunu banka gətirir, hesab açaraq əmanət yerləşdirirsiniz. Bu kifayət edir, sığorta ilə bağlı heç bir əlavə sənəd hazırlamalı və imzalamalı deyilsiniz. Bu artıq bankın öz işidir. Bank rüblük olaraq ADİF-ə əmanətlərin sığortalanması üçün təqvim haqqı ödəyir.

Təqvim haqqı “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 13.4-cü maddəsinə uyğun olaraq 2008-ci ilin 3-cü rübünədək qorunmayan əmanətlər və qorunmayan əmanətçilərin əmanətləri istisna olmaqla, fiziki şəxs olan əmanətçilərin hesablarındakı vəsaitlərin orta günlük qalıq məbləğinin 0,15 faiz, 2008-ci ilin 3-cü rübündən başlayaraq 0,125 faiz dərəcəsi ilə hesablanır.

Yəni Bank hesabında olan və qorunan əmanətlərin 0,125%-i həcmində rüblük olaraq sığorta haqqı ödəyir.

Təqvim haqları iştirakçı banklar tərəfindən hər rüb qurtardıqdan sonra 10 təqvim günü ərzində Fonda ödənilir.