Əmanətçilər dollara üstünlük verir | Banco.az

Əmanətçilər dollara üstünlük verir

Dekabr ayı ölkə iqtisadiyyatında olan gərginlik əmanət bazarında da müşahidə edilib. Rusiya amili və manatın devalvasiya gözləntiləri əhalini vəsaitlərinin dollara çevirməsinə vadar edib. Bu barədə Banco.az portalı iqtisadçı-ekspert Samir Əliyevin fikrinə əsasən məlumat verir.

Dekabrda manat əmanətlərinin azalması, dollar əmanətlərinin isə artması baş verib. Milli valyutada olan əmanətlərin həcmi 59,7 milyon manat azalıb. Xarici valyutada olan əmanətlər isə 161,7 milyon manat artıb. Bununla da manat əmanətlərinin ümumi əmanətlərdə payı 61,5%-ə düşüb. Halbuki noyabr ayında bu göstərici 63.2% idi.

Diqqəti cəlb edən digər məqam qısamüddətli əmanətlərin artımıdır. Əhali yatırdıqları əmanətlərin valyutasının gələcəyi ilə bağlı qeyri-müəyyənlik onları qısa müddətə yatırıma sövq edib. Dekabrda qısamüddətli əmanətlər 78,7 milyon manat artdığı halda, uzunmüddətli əmanətlər daha az - 33,2 milyon artıb. Bununla da qısamüddətli əmanətlərin payı 60.2%-dən 60,4%-ə yüksəlib.

Ən sərfəli kredit üçün müraciət et

Ümumən götürdükdə isə ötən il əmanətlərin həcmi 792,6 milyon manat və ya 12,4% artaraq 7188,4 milyon manata çatıb. İl ərzində həm milli, həm də xarici valyuta üzrə artım baş verib.

Bu tendensiya növbəti aylarda da davam edəcək. Əmanətlərin bir tərəfdən artım tempi azalacaq, digər tərəfdən isə manatın payı azalacaq. Əhali vəsaitlərini dollara transfer etməkdə davam edəcək. Bu proses ən azı marta kimi uzanacaq. Sonrakı proseslərdən, o cümlədən neftin qiymətindən asılı olaraq yeni situasiya yarana bilər.