“Növbəti ildə pensiya haqlarının orta məbləği artacaq, orta məbləğ 240 manata yaxın olacaq”.
Bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında “Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2019-cu il büdcəsi haqqında”, “İşsizlikdən sığorta fondunun 2019-cu il büdcəsi haqqında”, “Azərbaycan Respublikasında 2019-cu il üçün yaşayış minimumu haqqında”, “Azərbaycan Respublikası 2019-cu il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihələrinin müzakirəsi zamanı əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev deyib.
Nazir müavini qeyd edib ki, pensiya haqlarında 6,3 faiz artım nəzərdə tutulur: “Yaşa görə pensiyanın məbləği isə daha çox artacaq və orta hesabla 273 manat olacaq”.
İ.İsayev həmçinin bildirib ki, əlillərin maddi vəziyyəti daim diqqət mərkəzindədir: “Pensiya sistemi sığorta prinsiplərinə əsaslanır. Əlillər pensiya ilə yanaşı, sosial müavinət də alırlar. Növbəti ildə əlillərə verilən sosial müavinətin artırılması ilə bağlı tədbirlər həyata keçiriləcək. Həmin müavinətin məbləği kapitaldan asılı deyil, fiks rəqəmlə ifadə olunur. Biz həmin vəsaitlərin artırılması ilə bağlı ciddi tədbirlər həyata keçirəcəyik”.
© Report