Elektron ticarət vergiyə cəlb edilir | Banco.az

Elektron ticarət vergiyə cəlb edilir

Azərbaycanda rəqəmsal iqtisadiyyat (elektron ticarət) vergiyə cəlb edilməsi nəzərdə tutulur. Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq, eləcə də Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında vergilər naziri Fazil Məmmədov deyib.

Nazir əlavə edib ki, bu məqsədlə Vergi Məcəlləsində dəyişikliklə bağlı qanun layihəsi hazırlanıb: “Elektron ticarət haqqında” qanun layihəsi elektron ticarətin əhatə dairəsinin genişləndirilməsini, elektron ticarətin əsas iştirakçılarından olan kart təşkilatının, təcrübədə geniş tətbiq edilən pul kisəsinin anlayışını, habelə elektron ticarətin iştirakçısı olan satıcıya dair tələbləri müəyyən edən normaları özündə ehtiva edir”.

F. Məmmədov qeyd edib ki, Vergi Məcəlləsinə də rəqəmsal iqtisadiyyat çərçivəsində aparılan əməliyyatların vergiyə cəlb edilməsinin işlək mexanizmini müəyyən edən müddəaların əlavə edilməsi nəzərdə tutulur.

Ən sərfəli kredit üçün müraciət et

Onun sözlərinə görə, layihəyə elektron ticarət qaydasında işlərin və xidmətlərin təqdim edilməsinə, habelə elektron qaydada təşkil olunan lotereyaların, digər yarışların və müsabiqələrin keçirilməsinə görə ƏDV-nin alıcısının olduğu yerdə vergiyə cəlb edilməsi ilə bağlı müddəa da daxil edilib.

“Həmin müddəalara əsasən vergi orqanlarında uçotda olmayan şəxslər tərəfindən ödənişlər aparılarkən yerli bank, xarici bankın Azərbaycandakı filialları və ya poçt rabitəsinin milli operatoru tərəfindən qeyri-rezidentə ödənilməli olan məbləğə ƏDV hesablanmalı, alıcının vəsaiti hesabına tutulmalı və büdcəyə ödənilməlidir. Beləliklə qeyd edilən dəyişikliklə elektron ticarət aparan vergi ödəyicilərinə şəffaf nəzarətin təmin edilməsinə, rezident və qeyri-rezident elektron ticarət iştirakçıları arasında diskriminasiyanın aradan qaldırılmasına nail olunacaq”, - deyə nazir qeyd edib.

Mənbə: APA.az

Ən sərfəli krediti almaq üçün müraciət et