Topdansatış və pərakəndə satış fəaliyyətləri ilə məşğul olan ticarət şəbəkələrində elektron qaimə-fakturaların tətbiqinin müvəqqəti olaraq dayandırılması barədə bəzi elektron media orqanlarında məlumat yayılıb.
Vergilər Nazirliyindən bildirilib ki, guya "ticarət obyektlərində elektron qaimə-fakturalar tələb etmədən malların qəbulunun həyata keçirilməsinə başlandığı" barədə yayılan xəbərlər reallığı əks etdirmir. Nazirliyin İqtisadi təhlil və ekspertiza departamentinin Mikroiqtisadi təhlil idarəsinin direktoru Elşən Hüseynov qeyd edib ki, topdansatış fəaliyyətləri ilə məşğul olan sahibkarların elektron qaimə-faktura tətbiq olunmadan malları təqdim etməsi ciddi qanun pozuntusu sayılır. Qanunvericiliyin bu tələbi öz qüvvəsində qalır və malların satışı zamanı sənədləşmənin dayandırılması heç bir halda mümkün deyil. Nazirlik sahibkarların diqqətinə çatdırır ki, malları qəbul edən fərdi sahibkarların və hüquqi şəxslərin elektron qaimə-faktura tələb etmədən malların qəbulunu həyata keçirməsi qanunla məsuliyyətə səbəb olur.
Malları qəbul edən fərdi sahibkarların və hüquqi şəxslərin elektron qaimə-faktura tələb etmədən malların qəbulunu həyata keçirməsi qanunla məsuliyyətə səbəb olur.
Xatırladaq ki, Vergi Məcəlləsinin 71-1.1-ci maddəsinə görə, fərdi sahibkarlara və hüquqi şəxslərə malları təqdim edən, işləri görən və xidmətləri göstərən şəxs onlara elektron qaimə-faktura verməlidir. Elektron qaimə-fakturaların tətbiqi vergi inzibatçılığının sadələşdirilməsinə, vergi nəzarətinin daha səmərəli və əhatəli təşkilinə, vergidən yayınma hallarının azaldılmasına, vergi ödəyiciləri üçün kağız sənədləşmə dövriyyəsinin məhdudlaşdırılmasına xidmət edir. 2019-cu il yanvarın 1-dən qüvvəyə minmiş dəyişikliklərə əsasən, elektron qaimə-fakturaların tətbiq dairəsində müəyyən dəqiqləşdirmələr aparılıb. Dəyişikliyə görə, malların elektron qaimə və ya elektron vergi hesab-fakturası verilmədən satılmasına görə malsatan şəxslərə də sanksiya tətbiq ediləcək. Birinci dəfə belə hallara yol verildikdə maliyyə sanksiyalarının məbləği 10 faiz, ikinci dəfə 20 faiz, üç və daha çox dəfə yol verildikdə isə 40 faiz məbləğində olacaq.
vergilər.az