Müəllif: Gülbəniz Hüseynli/Banco.az
Hazırda dünyada elektromobil və hibrid avtomobil bazarının sürətlə genişlənməsi prosesi davam edir.
Hesablamalara görə, avqustda dünya üzrə tam və qismən elektrikli avtomobillərin satışı keçən illə müqayisədə 36%, iyul ayı ilə müqayisədə isə 6% artaraq 1,2 milyona çatıb. Avropada satışlar bir il əvvəllə müqayisədə 40% artaraq 229 000 ədəd olub. Çində satışlar 33% artaraq 791 000-ə, Şimali Amerika satışlar isə 59% artaraq 152 000-ə çatıb.
Ölkəmizdə də elektrik və hibrid avtomobillərə kifayət qədər tələb var. Statistikaya əsasən 2023-cü ilin yanvar-avqust aylarında elektriklə işləyən avtomobil idxalı 1 803 ədəd, hibrid avtomobil idxalı isə 9 640 ədəd olub. Ötən ilin eyni dövrü ilə müqayisədə elektriklə işləyən avtomobil idxalı 6,75 dəfə, hibrid avtomobil idxalı isə 17,4 faiz artıb.
Bu barədə Banco.az-a danışan nəqliyyat üzrə ekspert Eldəniz Cəfərov bildirdi ki, elektromobillərə marağın artmasına səbəb ekoloji təmiz nəqliyyat vasitələrinin xüsusən də elektromobillərin idxal zamanı bütün rüsumlardan azad edilməsidir.
“Elektromobillərin istismarı bu gün ölkədə prioritet bir məsələ hesab edilir. “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” çərçivəsində ölkəmizin 2030-cu ilə qədər təmiz ətraf mühit və yaşıl artım ölkəsinə çevrilməsi nəzərdə tutulur. Bu məqsədlə elektromobillərin gömrük rüsumlarından azad edilməsi həm də ekosistemin yaxşılaşdırılması istiqamətində görülən işlərə dəstəkdir. Nəticədə, atmosferə buraxılan zərərli qazların miqdarının azaldılması da prioritet sayıla bilər”.
Bu sahədə olan mövcud problemlərə toxunan Eldəniz Cəfərov vurğuladı ki, hazırda elektromobillərlə bağlı infrastruktur problemi yaşanmaqdadır.
“Ölkəmizdə enerji doldurma məntəqələrinin sayı azdır. Amma elektrik doldurma məntəqələrin sayının artırılması üçün də müəyyən tədbirlər görülməkdədir. Bu sahədə problemlərin aradan qaldırılması üçün lazım olan avadanlıqlar da ötən ildən başlayaraq idxal vergisindən azad edilib. Proqnozlarımız, gələcəkdə belə məntəqələrin sayının artacağı istiqamətindədir. 2022-ci ilin sonunda cəmi 40 elektrik doldurma məntəqəsi var idisə, artıq bu il bu rəqəm iki dəfə artıb”.
Azərbaycanda hələ 2020-ci ildə elektrik və hibrid avtomobillərin istehsalına başlanacağı bildirilmişdi. İqtisadiyyat nazirinin keçmiş müavini Niyazi Səfərov məlumat vermişdi ki, həm yerli, həm də xarici iş adamları ilə bu yöndə müzakirə aparılır.
Məsələyə aydınlıq gətirən Eldəniz Cəfərov qeyd etdi ki, o ölkəmizdə elektromobillərin istehsalı ilə bağlı hər hansı bir layihə barədə məlumatlı deyil.
“Ola bilər gələcəkdə bizim ölkəmizdə də hər hansı bir məşhur brendin bir modeli, onun ehtiyat hissələri istehsal oluna bilər. Düşünmürəm ki, bu çətin proses olsun. Çünki ölkə iqtisadiyyatı dayanıqlıdır və bu növ avtomobillərin istehsalını müştərək olaraq aparıcı avtomobil istehsalçıları ilə birgə həyata keçirmək potensialına malikdir”,- deyə ekspert bildirib.
Bizi sosial şəbəkələrdən izləyin!!