Elçin Həsənov: "Bank VTB-nin müştərilərlə əməkdaşlığı tək kreditləşmə ilə məhdudlaşmır" | Banco.az

Elçin Həsənov: "Bank VTB-nin müştərilərlə əməkdaşlığı tək kreditləşmə ilə məhdudlaşmır"

Kiçik və orta sahibkarlıq  istənilən ölkə iqtisadiyyatı üçün vacib sahədir. Bu sahəyə Azərbaycannın “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsində” də xüsusi diqqət yetirilir. Azərbaycanda KOS-ın əsas aspektləri və inkişaf perpsektivləri barədə bank VTB (Azərbaycan)-ın KOS biznes idarəsinin rəisi Elçin Həsənov danışıb.

 Elçin bəy, bank sektoruna gəlişinizi necə xatırlayırsınız? Neçə oldu ki, bankir oldunuz?

- Mən yerli banklardan birində adi kredit mütəxəssisi kimi işə başlamışam. O vaxt üçün bura gənc mütəxəssislərin yetişdiyi bir məkan idi ki, mən də burdan yaxşı start aldım və daha sonra Azərbaycanın digər aparıcı banklarında inkişafa davam etmişəm. Bütün bunlar mənə yaxşı təcrübə qazanmağa imkan verib. Hazırda mən iri bank qrupunun bir hissəsi olan bank VTB (Azərbaycan)-da çalışıram. Çox şadam ki, burdakı gənc və dinamik komandanın bir üzvünə çevrilmişəm və əminəm ki, yaxın gələcəkdə biz daha da böyük nailiyyətlər əldə edə bilərik.

Siz bank VTB(Azərbaycan)-da kiçik və orta sahibkarlığa (KOS) dəstəklə məşğul olan bir idarəyə rəhbərlik edirsiniz. Bu gün KOS iqtisadiyyatın əsas seqmentlərindən biri hesab olunur. Niyə KOS-a bu qədər çox diqqət yetirilir?

KOS seqmentini iqtisadiyyat üçün vacib edən bir çox güclü tərəfi mövcuddur. Birincisi, inkişaf etmiş ölkələrdə KOS həm  ÜDM artım templərinin müəyyənləşməsində, həm də onun struktur və keyfiyyətinin formalaşmasında mühüm rol oynayır. Misal üçün,   bazar iqtisadiyyatı inkişaf etmiş ölkələrdə ÜDM-nin 70%-dək olan hissəsi KOS-un payına düşür, müəssisələrin ümumi həcmində KOS-un payı isə 95%-dək təşkil edir. Eyni zamanda bu müəssisələrin payına orta hesabla ümumi məşğulluğun 60%-dək olan hissəsi düşür.

İkincisi, KOS daxili bazardakı disproporsiyanı aradan qaldırmaq üçün əsas alət hesab olunur, eyni zamanda da iqtisadiyyatın müəyyən bir seqmentdə həddən artıq cəmləşmə risklərinin diversifikasiyası mexanizmi kimi çıxış edir. İri və ixtisaslaşmış müəssisələrdən fərqli olaraq, KOS daha dinamikdir və bazardakı dəyişikliklərə daha operativ və effektiv şəkildə cavab verə bilər. Sağlam rəqabətin inkişafı,  bazarın mal və xidmətlərlə sürətlə dolması, texniki və kommersiya innovasiyalarının tətbiqi – bütün bunlar dövlətin daxili iqtisadiyyatında KOS hesabına baş verir. Bundan başqa, bu regional inkişafı dəstəkləyir və yerli xam mal resurslarının istifadəsini stimullaşdırır.

Respublikamızda KOS-un inkişafı üçün hər hansısa addımlar atılırmı?

Bizim ölkədə KOS-un əhəmiyyətini anlayır və iqtisadiyyatın bu sektorunun inkişafına böyük diqqət yetirirlər. Respublika rəhbərliyi hər zaman həm xarici, həm yerli investorlar üçün şəffaflıq prinsipini təbliğ edib. Bunun hesabına ölkəyə iri maliyyə institutlarının vəsaitləri cəlb olunub, KOS maliyyələşdirilməsində bank kapitalının iştirakı inkişaf edib. Ölkədə KOS sahəsində ümumi mühitin yaxşılaşdırılması istiqamətində müəyyən iqtisadi islahatlar həyata keçirilib, biznesin açılması və dövlət müəssisələri ilə əlaqələndirmə prosesi (“vahid pəncərə” prinsipi, “vahid hökumət”, “asan imza” və s.) asanlaşdırılıb. Dövlətin KOS inkişafına verdiyi dəyər barədə bu yaxınlarda ölkə prezidenti tərəfindən imzalanmış “AR milli iqtisadiyyat perspektivlərinin Strateji yol xəritəsi” də  xəbər verir. Bu strateji inkişafa baxış və  müəyyən dövrlər üçün konkret tapşırıqları özündə əks etdirən qlobal sənəddir. Artıq nəticə də var. Xüsusilə, Kiçik və orta sahibkarlıq agentliyinin, eləcə də Kreditlərin zəmanət fondunun yaradılması istiqamətində işlər aparılır. Hesab edirəm ki, belə agentliklərin yaradılması KOS inkişafını əhəmiyyətli şəkildə artıracaq, sahibkarların rəqabətqabiliyyətliliyi inkişafına müsbət təsir göstərəcək, eləcə də bank sektorunu stimullaşdıracaq.

Hazırda bank VTB (Azərbaycan) hansı şərtlər ilə KOS kreditləri təklif edir? Biznesdən asılı olaraq kredit həcmi necə dəyişir?

Hazırda biz aktiv şəkildə KOS müştərilərinə güzəştli müddət, eləcə də fərdi ödəniş qrafiki imkanı ilə 5 ilədək müddətinə  kredit ayırırıq. Small-kredit çərçivəsində 1 000 – 300 000 manat məbləğində, Medium-kreditdə isə
300 000- 1,5 mln manat məbləğində kredit veririk.

Ən sərfəli kredit üçün müraciət et

Klassik kredit formaları ilə yanaşı həmçinin bərpa olunan və bərpa olunmayan kredit xəttləri, sənədli əməliyyatlar – akkreditiv və bank qarantiyaları təklif edirik, layihə maliyyələşməsi imkanlarını nəzərdən keçiririk, yaxın vaxtlarda isə KOS üçün overdraft məhsulunu tətbiq etməyi planlaşdırırıq.

Kreditlərin həcminə gəlincə, onlar bir sıra faktorlardan asılı olaraq dəyişir. Kreditin əsas məqsədi ilk növbədə sahibkara dəstək olmaq və onun inkişafını stimullaşdırmaqdır ki, bu baxımdan biz hər zaman müştərilərə daha uyğun hesab edilən məbləğdə kredit təklif edərək, maliyyə məsləhətçisi qismində də çıxış etməyə çalışırıq.

Qeyd etmək istərdim ki, bank VTB (Azərbaycan) müştərilər ilə əməkdaşlığını tək kreditləşmə ilə məhdudlaşdırmır. Bizim KOS üçün geniş çeşid xidmətlərimiz mövcuddur. Bura həm kreditləşmə, həm də hesablaşma-kassa əməliyyatları, internet-bankinq, depozitlərin yerləşdirilməsi, inkassasiya, ekvayrinq və digər bank xidmətləri daxildir. Bir çox ölkədə təmsil olunan beynəlxalq VTB qrupun bir hissəsi olaraq VTB nümayəndəlikləri olan ölkələrdə köçürmə və komissiyalar üzrə sərfəli şərtlər təklif edirik. Bu xarici ölkələrdə ticarət əlaqələri olan müştərilər üçün çox sərfəlidir.

Son illərdə müşahidə olunan iqtisadi dəyişikliklər fonunda, xüsusilə riteyla müqaisədə KOS-da vəziyyət necədir?

İqtisadi dəyişikliklər ölkənin ümumi iqtisadiyyatının bir hissəsi olan KOS-da da öz əksini tapıb. Amma KOS portfellərinin keydfiyyəti riteyldən daha yaxşı oldu. Bunun da bir neçə səbəbləri var. Birincisi, KOS kreditləşməsində banklar hər zaman daha ehtiyyatlı olub. Əgər riteyl skorinq üsulu ilə təhlildirsə, KOS kreditləri dərin maliyyə təhlili, bir neçə mərhələli qərar qəbul edilməsi, risklərə daha konservativ yanaşması,  girov təminatının mövcudluğu və s. deməkdir. KOS üçün kreditləşmədə banklar hər zaman müştərini ödəniş qabiliyyətində və onun kapitalındakı öhdəlikləri payında “təhlükəsizlik yastığı” saxlamağa çalışıb. Məhz bu amillər nəticədə bir çox müştəriyə vəziyyətdən çıxmağa, banklara isə  portfelin keyfiyyətini məqbul səviyyədə saxlamağa kömək edib.

İkincisi, KOS – adətən artıq yetişmiş, biznes tarixi olan, bir çox hallarda əlavə gəlir mənbəyi və digər aktivləri olan sahibkarlardır. Bundan əlavə,  KOS daha çevikdir və bazarın dəyişilməsinə daha rahat uyğunlaşandır. Və əlbətdə ki, sərt girov təminatın olması da banklara imkan yaratdı ki, bəzi məsuliyyətsiz ödəyicilərlə effektiv mübarizə aparsınlar.

KOS kreditləşməsinin əsas riskləri hansılardır və Bank olaraq, hansı qabaqlayıcı (ya da riskdən yayınacaq) tədbirləri həyata keçirirsiniz?

Biz müştərinin biznesin inkişafına hər hansı şəkildə təsir göstərə bilən bütün daxili və xarici faktorları maksimal şəkildə nəzərə alaraq  SWOT təhlilə məxsus olan müxtəlif texnikalardan istifadə edirik. Həmçinin, təhlil prosesində biz hadisələrin müxtəlif inkişaf ssenarilərini, o cümlədən stress-testləri nəzərdən keçiririk. KOS kreditləşməsi unikal məhsuldur və bu seqmentin hər bir müştərisinə fərdi yanaşma tələb olunur.

Bu kreditləşmə növündə məxsusi olaraq hər hansı bir ölkənin təcrübəsi istifadə olunurmu?

İri maliyyə qrupu VTB-nin tərkib hissəsi olaraq, ilk öncə biz dünyanın bir çox ölkəsində təmsil olunan  Baş ofisimizin təcrübəsi və qrupdaxili imkanlarından istifadə edirik. Beləliklə də, bu hər hansı konkret bir ölkənin təcrübəsi deyil, daha çox qrupun şirkətlərinin təcrübə və imkanlarının istifadəsidir.

2018-ci ildə Bank VTB-nin sözügedən sektorla bağlı planları və proqnozları necədir?

Bizim bank KOS sahəsi ilə sıx əməkdaşlıq edir və biz gələn ildə də bu istiqamətdə işimizi davam etdirəcəyik. 

Müsahibə üçün təşəkkürlər, Könül Soltanova

Ən sərfəli krediti almaq üçün müraciət et