Ekspertlər Mərkəzi Bankın qərarına münasibət bildirib | Banco.az

Ekspertlər Mərkəzi Bankın qərarına münasibət bildirib

Mərkəzi Bankın İdarə Heyəti 30 iyul 2014-cü ildən etibarən uçot dərəcəsinin 4.25 faizdən 3.5 faizə endirilməsi barədə qərar qəbul edib.

Qurum bu addımını inflyasiyanın aşağı səviyyəsini, iqtisadi artıma təsir edən məcmu tələb amillərini, pul kütləsinin artım templərini nəzərə alaraq, habelə iqtisadiyyatın şaxələnməsinə, real sektorda investisiya, o cümlədən kredit fəallığının daha da yüksəlməsinə və iqtisadi artıma zəruri dəstək vermək məqsədilə izah edir.

Qərara əsasən, həmçinin, faiz dəhlizinin parametrlərinə də dəyişikliklər edilib. Dəhlizin yuxarı həddi 6 faizdən 5 faizə, aşağı həddi isə 0.5 faizdən 0.1 faizə endirilib. Eyni zamanda bankların bütün depozitləri üzrə məcburi ehtiyat normaları 3 faizdən 2 faizə endirilib.

İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov MB-nin qərarını şərh edərkən bildirib ki, bu qərar daha çox rəsmi inflyasiya səviyyəsinin aşağı salınması ilə əlaqələndirib. Ekspertin fikrincə, əsas məqsəd kredit faizlərinin aşağı salınmasına nail olmaqdır: “Son illər kommersiya banklarının cəlb etdiyi resursların strukturunda Mərkəzi Bankın uçot dərəcəsi ilə bölüşdürülən mərkəzləşdirilmiş kreditlərin payı artdığı üçün artıq sözügedən dərəcə kredit bazarı üçün təsirli alətə çevrilə bilir. Bu baxımdan, uçot dərəcəsinin aşağı salınması kommersiya banklarına imkan verəcək ki, daha aşağı faizli və daha ucuz maliyyə resursları cəlb edə bilsinlər. Cəlb edilən resursların ucuzlaşması isə aşağı faizli kreditlərin verilməsi üçün əsas iqtisadi baza formalaşdırır. Bankların 16,1 milyard manatlıq kredit qoyuluşları həyata keçirdiyini nəzərə alsaq, MB-nin son qərarı kredit portfelinin böyüməsinə təsir göstərə bilər. Eləcə də bir müddət öncə əmanətlər üzrə sığortalanan faiz dərəcələrinin 9 faizə endirildiyini də nəzərə alsaq, hal-hazırda kommersiya banklarının kredit faizlərini aşağı salması üçün real baza var. Əhalinin banklardakı əmanətlərinin 6.6 milyard manatdan çox olduğunu və əmanətlərin kredit portfelinin 40 faizindən artığını təşkil etdiyini də nəzərə aldıqda o zaman son qərarlar kredit bazarına birbaşa təsir göstərməlidir. Əgər MB mərkəzləşdirilmiş kredit resurslarının bölgüsündə mövcud baryerləri aradan qaldırarsa və eləcə də meyarlara dəyişiklik edərsə, o zaman uçot stavkasının və eləcə də sığortalanan əmanət faizinin dəyişdirilməsi istehlak kreditlərində 3 faizə, real sektora yönəldilən kredit faizlərində isə 2 faizə yaxın azalma ilə müşahidə ediləcək. Bu isə imkan verəcək ki, əhali daha aşağı faizlə kredit götürə bilsin. Eyni zamanda biznes də ucuz kreditlərdən faydalana bilsin”.

Ekspert hesab edir ki, Mərkəzi Bank bu qərarla real sektora yönəldilən kreditlərin həcmini artırmağa çalışır: “Kommersiya bankları sənaye və istehsal sektoruna 1,52 milyard manat cəmi ümumi kredit portfelinin cəmi 9,8 faiz, kənd təsərrüfatına isə 733,3 milyon manat, ümumi portfelin 4,8 faiz kredit verib. Əslində, rəqəmlər də göstərir ki, kommersiya bankları ötən illər biznesin maliyyələşdirilməsində heç də maraqlı deyillər. MB Azərbaycan Prezidentinin son müşavirədəki çıxışından sonra kommersiya banklarını real sektora daha çox vəsait yönəltməyə stimullaşdırmağa çalışır”.

İqtisadi Təşəbbüslərə Yardım Mərkəzinin eksperti Samir Əliyevin sözlərinə görə, MB-nin qərarını ölkədə kredit faizlərinin endirilməsinə yönəlmiş addım kimi dəyərləndirmək olar: “Uçot dərəcəsi bir qayda olaraq o halda aşağı salınır ki, ölkədə iqtisadi aktivliyin artırılmasına ehtiyac yaranır. Yəni kreditlər baha olur, sahibkarların kreditlərə əlçatanlıq səviyyəsi aşağı olur. Bu zaman Mərkəzi Bank uçot dərəcəsini aşağı salır ki, iqtisadiyyata əlavə pul daxil olsun. Əsas səbəb budur demək olar. Biz hələ bundan əvvəl demişdik ki, uçot dərəcəsi 3 faizə qədər aşağı salınmalıdır. Çünki əgər həmin dövrdə inflyasiya 2 faiz idisə, uçot dərəcəsinin ondan yuxarı olması normal deyildi. Son açıqlamada da bildirildi ki, inflyasiya 1,6 faiz təşkil edir. Biz hesab edirik ki, uçot dərəcəsi 3 faizə qədər endirilə bilərdi. Bundan başqa, məcburi ehtiyat normaları üzrə faizləri 2 faizə endirilib. Məcburi ehtiyat norması cəlb olunan əmanətlərin toxunulmayan hissəsidir. Bank çalışır ki, daha çox vəsait cəlb etsin və onu maksimum kreditə yönəldib gəlir əldə etsin. İndiyə qədər banklar cəlb etdikləri əmanətlərin 3 faizini məcburən saxlamalı idilər, amma indi bu, 2 faizə endirildi. 3 faiz bütün banklar üzrə 180 milyon manat edirdi. Həmin pul isə passiv vəziyyətdə saxlanılırdı. İndi həmin rəqəm üzrə faizin endirilməsi bankların sərbəst ehtiyatlarının artmasına gətirib çıxaracaq. Bu da öz növbəsində banklara imkan verəcək ki, həmin vəsaitləri kredit bazarına yönəltsin. Yəni həm uçot dərəcəsinin, həm də məcburi ehtiyat normaları üzrə faizlərin salınması imkan verəcək ki, bankların kreditə yönəldə biləcəyi vəsaitlər artsın və kredit faizləri azalsın. Mərkəzi Bankın bu addımları ümumilikdə kredit faizlərinin aşağı salınmasına yönəlib”.

S.Əliyev qeyd etdi ki, bütün bunlara baxmayaraq, kredit faizlərinin azalacağını gözləmir. Ekspertin sözlərinə görə, bu prosesə digər amillərin də təsiri olmalıdır. Məsələn, heç də bütün banklar MB tərəfindən verilən mərkəzləşdirilmiş kreditləri əldə etmək üçün kriteriyalara cavab vermir: “Digər tərəfdən, bu gün kredit faizlərinə bankdaxili amillər deyil, daha çox bankdankənar amillər təsir göstərir”.

Ən sərfəli kredit üçün müraciət et

Mənbə: kaspi.az

Ən sərfəli krediti almaq üçün müraciət et