Ötən il Azərbaycanda müsabiqə yolu ilə həyata keçirilən satınalmalarının ümumi həcmi 1,7 mlrd. manat olub ki, bunun da əsas hissəsi dövlət büdcəsindən maliyyələşən satınalmaların payına düşüb. "Report" xəbər verir ki, bunu "Transparency Azerbaijan" təşkilatının satınalmalar üzrə eksperti Elvin Yusifli deyib.
E.Yusiflinin sözlərinə görə, dövlət büdcəsi hesabına müsabiqələr vasitəsi ilə aparılan satınalmaların həcmi 1,4 mlrd. manat təşkil edir: "Təəssüf ki, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin hesabatında dövlət büdcəsindən birbaşa maliyyələşən satınalamalarla bağlı məlumat tapmaq mümkün deyil. Lakin Hesablama Palatasının hesabatında göstərilir ki, 2016-cı il dövlət büdcəsinin vəsaitlərinin 3,2 mlrd. manata yaxın hissəsi satınalmalar üçün xərclənib. Bu isə büdcənin 17,9%-nə, ÜDM-in isə 5,3%-nə bərabərdir".
Ekspert Azərbaycanda tərtib edilən satınalma elanlarında boşluqlarının olduğunu da qeyd edib: "Satınalma elanlarının əksəriyyəti standart şablon üzrə hazırlanır. Burada tələb olunan minimum məlumat verilir. Amma bununla belə, yenə də müəyyən səhvlərə yol verilir".