Ekspert manatla bağlı nə proqnoz verdi? | Banco.az

Ekspert manatla bağlı nə proqnoz verdi?

“Öncədən proqnozlaşdırdığımız kimi, martın sonundan etibarən dollara tələbin artması müşahidə edilməkdədir. 

Bu özünü dünənki rəsmi məzənnədə və eləcə də bu gün hərracın nəticələrində göstərdi. Son 2 gündə valyuta bazarında dolların manata qarşı məzənnəsi cüzi olsa da bahalaşıb. Bu da banklarda dollar satışının artması ilə əlaqədardır”.

Bunu İqtisadi və Sosial İnkişaf Mərkəzinin (CESD) rəhbəri, tanınmış iqtisadçı-ekspert Vüqar Bayramov deyib. 

“Banklarda dollara olan tələb birbaşa hərrac məzənnəsinə və eləcə də rəsmi məzənnəyə təsir göstərməkdədir. Qeyd edək ki, bir sıra kommersiya bankları da dolların alış məzənnəsini artıq artırıblar. 

Ən sərfəli kredit üçün müraciət et

Aprel ayında dövlət büdcəsinin investisiya istiqamətində xərcləmələr olacaqsa, o zaman dollara tələbin artması davam edəcək. Bütövlükdə, gələn aydan etibarən idxalın həcmində və eləcə də büdcə xərcləmələrində atımlar gözlənilir. Bu isə xarici valyutaya tələbin artmasının davam etməsinə səbəb ola bilər. 

Aydındır ki, Azərbaycan Mərkəzi Bankı (AMB) hərraclar vasitəsi ilə tələbi ödəməklə məzənnəyə təsir imkanlarını qoruyub saxlayır. Amma o da görsənir ki, AMB bu ilin yanvar ayından etibarən valyuta bazarının məzənnəyə təsir imkanlarını artırmaqla bazar kursunu formalaşdırmağa çalışır. Bununla belə, hələlik manatın öz bazar dəyərini aldığını söyləmək mümkün deyil”.