EKSPERT: “Dəmirbank”ın bağlanması gözlənilən qərar idi | Banco.az

EKSPERT: “Dəmirbank”ın bağlanması gözlənilən qərar idi

İqtisadçı-ekspert Vüqar Bayramov “Dəmirbank”ın bağlanmasının gözlənilən qərar olduğunu deyib. O, bu haqda açıqlamasında bunları deyib: "Çünki artıq xeyili müddətdir ki, sözügedən bank hətta kiçik məbləğli əmanətləri belə geri qaytara bilmirdi. Ötən həftə “axsayan banklardan” yazanda bildirmişdim ki, öz fəaliyyətlərini yerinə yetirə bilməyən banklar var və onların sağlamlaşdırılması lazımdır. Belə bankların sağlamlaşdırılması ilə bağlı xüsusi dövlət proqramının hazırlanması uzun müddətdir ki, təklif etməyimizə baxmayaraq, təəssüf ki, palata tərəfindən bu istiqamətdə hələlik real addımlar atılmayıb.

Yeni bir bankın müflis elan edilməsi bank sektoruna inamın azalması kimi mənfi təsirlər ilə yanaşı, bankların konsolidasiyasının, demək olar, mümkün olmadığından xəbər verir. Halbuki konsolidasiya prosesi dəstəklənməli və eləcə də belə bankların sağlamlaşdırılması müflis elan olunmaların və xüsusən də bank sektoruna olan inamın azalmasını qarşısını alar.

Ən sərfəli kredit üçün müraciət et

Müflis olan bankların sayı artdıqca qorunmayan əmanətlərin qaytarılması şansları azalır. Belə ki, Əmanətlərin Sığortlanması Fondu qorunan əmanətlərin ödənilməsinə məsuldur. Fondun məlumatına görə, əvvəl müflis elan edilən 11 bank üzrə 747 milyon 938 min manat kompensasiya ödənilib. Bu yaxşıdır. Amma qorunmayan əmanətlərin taleyi necə olacaq? Müflis olan bank onu qaytarmaq öhdəliyi götürüb və həmin puldan istifadə edərək gəlir əldə edib. Müflis olunduqdan sonra isə qorunmayan əmanət sahibinə qaytarılmır. Deməli, həmin əmanətlərin də qaytarılması mexanizmi işlənilməli və ən əsası bankların öhdəlikləri ilə aktivlərinin korrelasiyası müəyyənləşdirilməlidir. Bütövlükdə isə, son addım bir daha göstərir ki, bank sektorunda ciddi islahatlara və eləcə də sağlamlaşdırma tədbirlərinə ehtiyac var".

Ən sərfəli krediti almaq üçün müraciət et