Ekspert: "Bu dəfə qazanc SOCAR-a yox, dövlət büdcəsinə çatacaq" | Banco.az

Ekspert: "Bu dəfə qazanc SOCAR-a yox, dövlət büdcəsinə çatacaq"

İqtisadçı alim, Samir Əliyev yanacağın bahalaşması və s. məsələlərlə bağlı fikirlərini paylaşıb.

2013-cü ildə yanacağın bahalaşmasından əlavə qazanc götürməyi planlaşdıran hökumət çox keçmədi öz faydasını SOCAR-a transfer etməli oldu. 7 illik fasilədən sonra yanacağın bahalaşmasına səbəb aksiz vergisinin artırılması idi və vergi gəliri dövlət büdcəsina çatmalı idi.

Nazirlər Kabinetinin 2 dekabr 2013-cü il qərarı ilə Aİ-95 markalı benzinin aksiz dərəcəsi 101%-dən 159%-ə, Aİ-92 (92%) və Aİ-80 (93%) markalı benzinlərin hər ikisi üçün aksiz dərəcəsi 134%-ə qaldırıldı. Dizeldə artım 24%-dən 57%-ə çatdırıldı. Sonradan dövlət öz qazancından imtina etdi və xeyiri SOCAR-a bağışladı. Belə ki, Nazirlər Kabineti 6 fevral 2014-cü il tarixli, 35 saylı qərarı ilə Aİ-92 markalı benzinə tətbiq edilən aksiz vergisi 65%-ə, Aİ-80-də 66%-ə, dizeldə isə 18%-ə endirildi. Göründüyü kimi, azalma daha çoxdur. Bu azalmadan sonra yanacağın topdansatış qiyməti aşağı salınmadı. Səbəb isə aydındır: SOCAR-ın şirkətdaxili qiymətləri artırılıb.

Nazirlər Kabinetinin 35 saylı Qərarından sonra Aİ-92 markalı benzin üçün şirkətdaxili qiymətlər 290,44 manatdan 411,92 manata, Aİ-80 benzini üçün 290,44 manatdan 409,43 manata, dizel üçün 323,32 manatdan 430,19 manata qaldırılıb. Qısaca desək, SOCAR satılan hər ton üçün qazancı 121,47 manat (Aİ-92), 119 manat (Aİ-80) və 106,9 manat (dizel) təşkil edir. SOCAR-ın benzindən qazancı 41%, dizel yanacağndan isə 33% artıb.

Ən sərfəli kredit üçün müraciət et

Bu barədə Maliyyə Nazirliyinin 2014-cü il dövlət büdcəsinin icrasına dair Hesabatında da qeyd edilir. Hesabatda deyilir: “Azərbaycan Respublikası Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə aksiz üzrə 784,5 mln. manat proqnoza qarşı 740,3 mln. manat, yəni nəzərdə tutulduğundan 44,2 mln. manat az vəsait daxil olub. Aksiz vergisinin kəsrlə icra olunmasının əsas səbəbi daxili bazarda neft məhsullarının qiymətlərinin artması nəticəsində yaranan əlavə vəsaitin 2014-cü ilin yanvar ayından tam məbləğdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin şirkətdaxili qiymətlərə aid edilməsi olub”

2014-cü ildə ölkə üzrə 1,3 milyon ton benzin və bir o qədər də dizel istehlak olunub. Müxtəlif məlumatlara görə, Aİ-95 benzinin payı 10% civarındadır. Deməli, Nazirlər Kabinetinin 35 saylı qərarının nəticəsi olaraq SOCAR-ın illik qazancı təxminən 280 milyon manat artıb. SOCAR bu vəsaiti itirməmək üçün hazırda benzini ucuzlaşmasının əleyhinə çıxır. Xarici bazarda itirdiyi gəlirləri də daxili bazar hesabına kompensasiya etmək istəyir.

Neftin ucuzlaşması fonunda büdcə gəlirlərinin azalmasının qarşısını almaq üçün aksiz vergilərinin yenidən artırılmayacağına təminat yoxdur. Hökumətdə büdcəni doldurmaq üçün vergidaxilolmalarının artırılması niyyəti açıq hiss olunur. Belə olacaqsa, yəni aksiz vergiləri artırılacaqsa, yanacağın yenidən bahalaşması gündəmə gələcək. Bu dəfə qazanc SOCAR-a yox, dövlət büdcəsinə çatacaq. Bahalaşmanın zərərini isə əhali görəcək.