"Beynəlxalq Banka yeni menecerlər təyin olunub. Onları böhran menecerləri də adlandırmaq olar".
Banco.az xəbər verir ki, bunu iqtisadçı-ekspert Samir Əliyev Azərbaycan Beynəlxalq Bankında baş vermiş yeni təyinatla bağlı fikirlərində deyib.
O həmçinin bildirib ki, "Bəzilərini şəxsən, bəzilərini qiyabi tanıyıram. İşlərinin peşəkarıdırlar. Bank sektorunun problemlərini kifayət qədər dərindən bilən şəxslərdir.
Batmaqda olan çürümüş bir gəmini təmir edib əvvəl dənizə, sonra okeana buraxmaq hədəfi ambisiyalı olduğu kimi də çətindir. Hərdən adama elə gəlir bu, mümkünsüzdür. Beynəlxalq Bankın xilası bank sektorunun xilası deməkdir. Kimlərinsə məsuliyyətsiz idarəetməsinin fəsadlarını əvvəl bank sektoru ödədi, sonra dövlət büdcəsi. İndi də yeni menecerlər xilas etməlidir.
Menecerlərin qarşısında çətin tapşırıq durur: pozulmuş valyuta mövqeyi bərpa edilməli, xarici öhdəlikər qaytarılmalı, zərərli aktivlər sağlamlaşdırılmalı və s. Bankın problemləri çoxdur. Bank sektorunun xilası Beynəlxalq Bankın xilasından asılı olduğu kimi Beynəlxalq Bankın xilası da hökumətin dəstəyindən asılıdır. Bu, Beynəlxalq Bankın xilası üçün son şansdır. Bank çöksə, bütün maliyyə sistemi çökəcək. Ona görə böhran menecerlərinin üzərinə böyük məsuliyyət düşür".