"BANK STANDARD”IN LƏĞV PLANI YENƏ TƏSDİQ OLUNMADI".
Bunu ekspert, Bank Standard-ın kreditorlar komitəsinin sədri Əkrəm Həsənov deyib. O, bildirib ki, Əmanətlərin Sığortalanması Fondu apardığı məhkəmə işlərinin sayını 25 dəfə şişirdib.
Banco.az xəbər verir ki, 12 fevral tarixində Bakı Apellyasiya Məhkəməsində hakim Kəmalə Abiyevanın sədrliyi ilə “Bank Standard”ın ləğvi ilə bağlı növbəti qapalı iclas keçirilib. Yanvarın 22-də və 26-da keçirilmiş iclaslarda olduğu kimi, Əmanətlərin Sığortalanması Fondunun ötən ilin II və III rübləri üzrə təqdim etdiyi Ləğv Planı yenə də təsdiqlənməyib. Növbəti iclas fevralın 26-ı olacaq.
Əkrəm Həsənov, həmçinin, bildirib ki: "Plan əvvəlki kimi yenə də çox bərbad vəziyyətdə idi. Hətta rəqəmlər də uzlaşmırdı. Ümumən Fondun qeyri-peşəkarlığı iclasdan iclasa özünü bariz göstərir.
Bu dəfə həmçinin Fondun bir yalanı da ifşa olundu. Planda yazıblar ki, guya borcların qaytarılması üzrə 963 məhkəmə işi aparırlar. Lakin “Elektron məhkəmə sistemi”ndən (https://e-mehkeme.gov.az/Public/Cases) görünür ki, məhkəmələrdə cəmi 38 iş mövcuddur! Yəni Planda göstərildiyindən 25 dəfə az! Hətta fərz etsək ki, hansısa texniki səbəbdən bəzi işlər haqda məlumat sistemdə yoxdur, fərq 25 dəfə ola bilməz! Deməli, Fond real işlə məşğul olmur, yalnız gözdən pərdə asır. Elə məhz buna görə də dəfələrlə etdiyimiz müraciətlərə baxmayaraq, apardığı məhkəmə işlərinin siyahısını təqdim etmir. Təmiz işləyirsə, borclularla qanunsuz sövdələşmələrə getmirsə, siyahını niyə açıqlamır? Nədən qorxur?
Xatırladıram ki, fevralın 28-də Əmanətlərin Sığortalanması Fondunun binasında (Babək prospekti, 16) saat 15.00-da Kreditorlar Komitəsinin növbəti iclası keçiriləcək. Fondun rəhbəri Vüqar Abdullayev də iştirak edəcək. Məhkəmədə baş verən bütün məsələlər orada daha ətraflı müzakirə olunacaq".