Ekspert: “Artıq Azərbaycan nefti əvvəlki dəyərinə qayıdır” | Banco.az

Ekspert: “Artıq Azərbaycan nefti əvvəlki dəyərinə qayıdır”

Azərbaycanın dünya bazarına çıxardığı “AzeriLight” nefti “Brent” markalı Şimal dəniz neft qatışığından adətən 1-3 dollar baha satılıb. Lakin koronavirus pandemiyası səbəbindən bir çox ölkələrdə tətbiq olunan sərt karantin müddətində Azərbaycan nefti “Brent” neftindən ucuz satılmağa başlandı. Məsələn, aprel ayının 21-də Azərbaycanın “AzeriLight” markalı neftinin CIF qiyməi 15,81 dollar, “Brent” neftinin qiyməti isə 21,66 dollar, aprelin 22-də Azərbaycan neftinin qiyməti 16,61 dollar, “Brent” neftinin qiyməti 20,44 dollar təşkil edib.

Son vaxtlara nəzər yetirsək artıq Azərbaycan neftinin “Brent” neftindən baha satıldığını görərik. Məsələn, may ayının 19-da "AzeriLight CIF" qiyməti 34,97 dollar, “Brent” neftinin qiyməti 34,96 dollar, mayın 18-də Azərbaycan neftinin qiyməti 36,62 dollar, “Brent” neftinin qiyməti 34,91 dollar təşkil edib.

Bəs Azərbaycan neftinin “Brent” neftindən ucuz satılmasının səbəbi nə idi və yenidən qiymətin bərpa olunması nə ilə bağlıdır?

Enerji məsələləri üzrə ekspert, fəlsəfə doktoru Emin Axundzadə sərt karantin rejiminin tətbiq olunduğu müddətdə “AzeriLight” markalı neftin “Brent” markalı neftdən ucuz olmasının bir neçə səbəbi olduğunu qeyd edib:

“AzeriLight” markalı neft əsasən Aralıq dənizi hövzəsi ölkələrinə ixrac olunur və bu ölkələr də pandemiyadan ən çox təsirlənən ölkələrdən olub. Fevral ayında Avropada ilk dəfə olaraq Azərbaycan neftinin əsas alıcısı olan İtaliyada sərt karantin rejimi tətbiq olunmağa başlandı. Pandemiyanın pik dönəmində İtaliyada neftə olan tələbat 85% aşağı düşdü. Həmin vaxt Azərbaycan neftinin “Brent” neftindən ucuz olmasının birinci səbəbi budur”.

Ekspert digər səbəb olaraq isə hava nəqliyyatı sektorunda yaşanan böhranı qeyd edib.

“AzeriLight” markalı neft əsasən təyyarə yanacağı istehsalında istifadə olunur və pandemiya dönəmində ən ciddi mənfi təsir görən sektorlardan biri də hava nəqliyyatı olub. Pandemiyanın pik dövründə sərnişindaşımalar 96% aşağı düşmüşdü. Bu sektor tarixinin ən güclü böhranını yaşayır”, -deyə o əlavə edib.

E. Axundzadə Azərbaycan neftinin qiymət savaşlarından da təsirləndiyini bildirib: “Qiymət savaşlarının başlanması fonunda aprel ayında Səudiyyə Ərəbistanı öz bazar payını artırmaq üçün “Arablight” markalı neftə Avropa bazarında 10,25 dollar endirim etdi. Bu da bizim neftin qiymətinə mənfi təsir göstərdi”

Ən sərfəli kredit üçün müraciət et

Azərbaycan neftinin əvvəlki dəyərinə qayıtmasının səbəblərinə gəlincə isə ekspert qeyd edib ki, karantin rejiminin bir çox ölkələrdə yumşaldılması, emal müəssisələrinin təyyarə yanacağı istehsalına başlaması Azərbaycan neftinin qiymətinə müsbət təsir göstərir.

“Aprelin 27-dən etibarən Aralıq dənizi hövzəsində yerləşən ölkələr başda olmaqla Avropanın müxtəlif ölkələrində artıq karantin rejiminin yumşaldılması istiqamətində tədricən addımlar atılmağa başlanılıb. İtaliyada bir neçə mərhələdə iyunun 15-dək karantin rejimin azaldılması strategiyası tətbiq edilir. İyunun 3-dən ölkə havayolu ilə sərnişindaşımanı bərpa edəcək. Bütün bunlar tələbata müsbət təsirini göstərir. Artıq emal müsəssisələri istehsalı gücləndirməyə başlayıb. Təyyarə yanacağına tələbat azaldığı zaman emal müəssisələri bu yanacaq istehsalını dizel yanacağı isə əvəz etmişdi. Artıq yenidən təyyarə yanacağına dönüş olacaq. Türkiyə də iyundan uçuşlara başlayacaq. Bütün bunlar “AzeriLight” neftinin öz dəyərinə qayıtmasına təkan verdi. Artıq əvvəl olduğu kimi “Brent” markalı neftlə “AzeriLight” markalı neft arasında 2-3 dollarlıq fərq diapazonu var. Bu da onu göstərir ki, artıq bizim neft öz əvvəlki dəyərinə qayıdır”,- deyə ekspert əlavə edib. 

Report

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et