Əhalinin banklardakı əmanətləri artıb – “Manata olan inam güclüdür” | Banco.az

Əhalinin banklardakı əmanətləri artıb – “Manata olan inam güclüdür”

Müəllif:Gülbəniz Hüseynli /Banco.az

Mərkəzi Bankın məlumatına görə, əhalinin banklardakı əmanətlərinin məbləği il ərzində 17,5 faiz artaraq 2023-cü il avqust ayının 1-nə milli valyuta ekvivalentində 12 milyard 705,5 milyon manat təşkil edib.

Banco.az Dövlət Statistika Komitəsinə istinadla xəbər verir ki, əmanətlərin 63,6 faizi milli, 36,4 faizi xarici valyutada qoyulub, milli valyutada olan əmanətlərin məbləği əvvəlki ilin eyni dövrü ilə müqayisədə 24,2 faiz, xarici valyutada qoyulmuş əmanətlərin məbləği isə 7,3 faiz artıb.

İyul ayında milli valyutanın 1 ABŞ dollarına nisbətdə orta məzənnəsi 1,70 (ilin əvvəlindən 1,70) manata, 1 avroya nisbətdə 1,85 (1,84) manata, 100 türk lirəsinə nisbətdə 6,32 (8,06) manata, 100 rus rubluna nisbətdə 1,79 (2,12) manata bərabər olub.

2023-cü il mart ayının 1-nə olan rəqəm isə 11 901.8 milyon manat təşkil edib.

Bu rəqəm fevralın 1-nə olan göstəricidən 0,2% azdır.Ötən ilin eyni dövrü ilə müqayisədə əhalinin banklardakı əmanətləri 19% və ya 1 mlrd. 865,1 milyon manat artıb.

2022-ci il iyunun 1-nə olan məlumata görə, əhalinin banklardakı əmanətlərinin 58,8 faizi milli, 41,2 faizi xarici valyutada qoyulub. Milli valyutada olan əmanətlərin məbləği əvvəlki ilin eyni dövrü ilə müqayisədə 31,4 faiz, xarici valyutada qoyulmuş əmanətlərin məbləği isə 12,1 faiz artıb. Müqayisə üçün qeyd edək ki, 2020-ci ilin mart ayında əmanətlərin 51,1 faizi xarici, 48,9 faizi isə milli valyutada qoyulmuşdu. 2018-ci ilin sentyabrına olan statistikaya əsasən isə əmanətlərin 63 faizi xarici, 37 faizi isə milli valyutada idi. Yəni zamanla milli valyutada olan əmanətlərin həcmi artır.

Banklarda manatla əmanətlərin həcminin artması ilə bağlı hazırkı statistikaya əsasən danışan iqtisadçı Murad Calalov Banco.az-a bildirdi ki, son vaxtlar avronun həddindən artıq dəyər itirməsi Azərbaycanda əhalinin əmanətlərini manatla yerləşdirməsinə təsir edir:

Ən sərfəli kredit üçün müraciət et

Hazırda Avrozonada mövcud iqtisadi vəziyəti şərh edən ekspert vurğuladı ki, Rusiya-Ukrayna münaqişəsi nəticəsində inflyasiya müşahidə edilsə də, avronun dollar qarşısında dəyər itirməsi manata olan inamı gücləndirdi:

“Bu müddətdə banklar yaranmış vəziyyətdən istifadə edərək manatla əmanətlər üçün faiz artımına qərar verdilər. Nəticədə, əmanətçilər həm digər valyutada olan əmanətlərini manata keçirdilər, həm də əllərdə nağd şəkildə olan pulları da banklara etibar edib hesablarına yerləşdirdilər. Manat və ABŞ valyutasına digər valyutalara görə kifayət qədər dəyərini artırıb. Banklar da  manatla əmanətlərə faizi daha çox verir. Manata etibarın artması depozitlərin artım payında da hiss olunur”.

Qeyd edək ki, Azərbaycandakı banklar 2023-cü ilin 9 ayı ərzində cəlb etdikləri depozitlər (əmanətlər) üzrə 449.9 milyon manatlıq faiz ödəyiblər. Bankların depozitlər üzrə faiz xərcləri ötən ilin eyni dövrü ilə müqayisədə 125.5 milyon manat və ya 39% artıb.

2022-ci ilin 9 ayında isə banklar 324.4 milyon manatlıq depozit faizləri ödəyiblər.  2023-cü ilin yanvar-avqust aylarında bankların faiz və onlarla bağlı xərcləri isə 628.7 milyon manat təşkil edib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et