Bu il yanvarın 31-nə Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) Azərbaycandakı cari kredit portfeli 895 milyon avro dəyərində qiymətləndirilir.
EBRD xəbər verir ki, bunun 40 %-i özəl sektorun payına düşür.
Hazırda Azərbaycanda EBRD-nin 36 layihəsi aktivdir.
Təkcə 2025-ci ildə bank 81 milyon avro dəyərində 10 layihəni maliyyələşdirib.
Dekabrın 31-nə olan göstərici ilə müqayisədə portfelin həcmi 1,21 % və ya 11 milyon avro azalıb.
EBRD-nin məlumatına əsasən, cari portfelin əsas hissəsi - 90 %-i və yaxud 803 milyon avrosu dayanıqlı infrastrukturun inkişafına, 7 %-i və yaxud 62 milyon avrosu maliyyə institutlarına, 3 %-i və yaxud 30 milyon avrosu isə korporativ sektora yönəldilib.
Ümumilikdə EBRD Azərbaycanda 201 layihənin həyata keçirilməsinə 3,612 milyard avro investisiya yatırıb.
Bankın ölkədəki əməliyyat aktivlərinin dəyəri yanvarın 31-nə 686 milyon avro təşkil edib. Bu dekabrın 31-i ilə müqayisədə 1,29 % və yaxud 9 milyon avro azdır.
2024-cü ildə EBRD Azərbaycanda 8 layihənin maliyyələşdirilməsi üçün ümumilikdə 199 milyon avro kredit ayırıb. Bu isə əvvəlki illə müqayisədə 27,56 % və yaxud 43 milyon avro çoxdur.
