E-bankçılıqda ən çox aparılan əməliyyatlar hansılardır? | Banco.az

E-bankçılıqda ən çox aparılan əməliyyatlar hansılardır?

Bu gün bazar  iqtisadiyyatında gündən günə artan bank rəqabəti şəraitində banklar öz fəaliyyətlərinə normal şəkildə davam etmək, dayanıqlı bank strukturuna sahib olmaq üçün daim inkişaf etməli, rəqabətə davamli infrastruktur və bazar məhsulları ilə çıxış etməlidirlər. Müasir dövrdə yeni-yeni bank xidmət növləri və bank məhsulları bazara çıxarılır və müştərilər tərəfindən böyük maraqla qarşılanır. Xüsusilə elektron bankçılıq bank fəaliyyətinə daha çox gəlir gətirir və bu həmdə bank fəaliyyətində likvidlik baxımından yüksək qiymətləndirilir. Elektron bankçılıq xidməti - müvafiq proqram təminatı, elektron autentifikasiya üsulu və kommunikasiya vasitələri ilə istifadəçiyə məsafədən girişi təmin etməklə aidiyyəti hesab üzrə bank əməliyyatlarının aparılması və ya məlumatların əldə edilməsi xidmətidir. Elektron bankçılıq vasitəsi ilə müştərilər eyni zamanda apardıqları əməliyyatlar üzrə bütün məlumatların əldə edilməsi, bütün növ bank xidmətlərinin məsafədən idarə olunmasına nail ola bilirlər.

E-bankçılıq xidməti istifadəçilərə təqdim etdiyi funksional imkanlar və məruz qala biləcəyi risk səviyyəsindən asılı olaraq məlumat və əməliyyat xarakterli E-bankçılıq xidmətinə ayrılır: Məlumat xarakterli E-bankçılıq xidməti istifadəçi tərəfindən yalnız məlumatın əldə edilməsinə əsaslanır. Bank bu xidmət vasitəsilə istifadəçilərə bank hesabı, aparılmış əməliyyatlar, həmçinin öz məhsul və xidmətləri barədə məlumatı çatdırır. Əməliyyat xarakterli E-bankçılıq xidməti istifadəçilərə ödəniş etmək, vəsaiti hesabdan köçürmək, konvertasiya əməliyyatını aparmaq və digər bank xidmətlərini həyata keçirmək imkanlarını verir. 

Bu gün respublikada fəaliyyət göstərən banklardan 29 bank müştərilərinə elektron bankçılıq üzrə xidmətlər təklif edir. Xidmətlərin sayı və müştəri bazası isə bankların infrastrukturlarının inkişaf səviyyəsindən asılı olaraq fərqlənir.

Ən sərfəli kredit üçün müraciət et

Ölkəmizdə banklar tərəfindən müştərilərinə daha çox aşağıda qeyd olunan elektron bankçılıq xidmət növləri təklif edilir:

  1. kredit ödənişi və kredit sifarişi;
  2. bütün növ komunal ödənişlərin həyata keçirilməsi;
  3. plastik kartların sifarişi;
  4. kart üzrə balansın yoxlanması;
  5. kartdan-karta pul köçürmələri;
  6. ölkədaxili bir hesabdan digər hesaba pul köçürmələri;
  7. kartların itirilməsi və ya istifadəsi lazım olmadıqda bloklaşdırılması;
  8. debet və kredit kartları üzrə çıxarışın əldə edilməsi. 

Pərvanə Aslanova, Banco.az